DÜNYA
Ər-Riyadda İŞİD-ə qarşı qlobal koalisiyanın iclası olub


Bakı, 9 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İŞİD terror təşkilatına qarşı qlobal koalisiyanın iclası olub. AZƏRTAC “Saudi Press” agentliyinə istinadla xəbər verir ki, tədbirdə ABŞ-ın dövlət katibi Entoni Blinken, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha, ərəb ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri iştirak ediblər.
İclasda İŞİD başda olmaqla, bütün terror təşkilatları ilə mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, terrorçuların maliyyə mənbələrinin kəsilməsi, dövlətlərin və cəmiyyətlərin ekstremizm, o cümlədən islamofobiya əleyhinə həyata keçirəcəyi birgə tədbirlər və başqa məsələlər müzakirə olunub.
Səudiyyə Ərəbistanının naziri və ABŞ-ın dövlət katibi iclasdan sonra keçirilən mətbuat konfransında bir sıra aktual beynəlxalq məsələlərə də toxunub. Ər-Riyadın Pekinlə münasibətləri haqqında sualı cavablandıran şahzadə Faysal bin Fərhan bildirib ki, Krallıq Çinlə münasibətləri inkişaf etdirir və eyni zamanda, ABŞ ilə də əlaqələri gücləndirir. Entoni Blinken isə qeyd edib ki, Vaşinqton “heç bir ölkəni ABŞ ilə Çin arasında seçim etməyə vadar etmir”. O əlavə edib ki, “biz, sadəcə, öz təkliflərimizi və konstruktiv əməkdaşlıq üzrə təşəbbüslərimizi irəli sürürük”.
Səudiyyəli nazir bildirib ki, onun ölkəsi nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməyə hazırlaşır və bu sahədə Birləşmiş Ştatların köməyinə ehtiyacı var. “Lakin biz, eyni zamanda, Rusiya, Çin və Avropa ölkələri ilə də əməkdaşlıq etmək niyyətindəyik”, – deyə nazir vurğulayıb.
Səudiyyə Ərəbistanı və digər ərəb dövlətlərinin Suriya ilə münasibətlərinin normallaşması ilə bağlı suala cavab verən ABŞ-ın dövlət katibi qeyd edib: “Bəşər Əsəd haqqında nə düşünməyimizdən asılı olmayaraq, biz Suriya böhranından sonra üzləşdiyimiz humanitar problemləri həll etmək üçün yeganə yolu tutduq. Vaşinqton hesab edir ki, Suriya Ərəb Liqasına qayıtmağa layiq deyil və bizim bu fikrimiz heç kim üçün sirr olmayıb”. ABŞ-ın dövlət katibi bildirib ki, eyni zamanda, Ərəb Liqasının bu istiqamətdə səyləri də təqdirəlayiqdir. Onun sözlərinə görə, bu məqsədləri həyata keçirmək üçün Suriya müharibəsinə siyasi həll yolu tapmaq, İŞİD-in tam məğlubiyyətini təmin etmək, kaptaqon ticarətinə qarşı mübarizə aparmaq və İranın regionda təsirini azaltmaq lazımdır. “İndi etiraf etməliyəm ki, biz Əsədin lazımi addımları atmaq istəyinə şübhə ilə yanaşırıq, lakin biz bu addımların nə olduğu və son məqsədlərlə bağlı tərəfdaşlarımızla həmfikirik”, - deyə Blinken bildirib.