İQTİSADİYYAT
Xalis maliyyə öhdəlikləri 4.9 milyard dollar azalıb

Bakı, 9 iyun, AZƏRTAC
Ötən il üzrə birbaşa investisiyaları üzrə xalis maliyyə aktivləri 172.2 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 4.9 milyard dollar azalıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 6.3 milyard dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 0.2 milyard dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 5.1 milyard dollar mənfi saldo yaranıb. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 71 faiz təşkil edib. 2022-ci il üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-6 726.2 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (4 441.8 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (11 168.0 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.3 dəfə artaraq 1.8 milyard dollar olub.
Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 1.2 milyard dollar artıb, xalis maliyyə öhdəlikləri isə 634 milyon dollar azalıb. Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (118 milyon dollar), bank (652 milyon dollar) və digər (383 milyon dollar) sektorların və kapitalda iştiraka təminat verən qiymətli kağızların (6 milyon dollar) hesabına artıb. Öhdəliklər əsasən dövlət (346 milyon dollar), bank (154 milyon dollar) və digər (139 milyon dollar) sektorların hesabına azalıb, kapitalda iştiraka təminat verən qiymətli kağızların (5 milyon dollar) hesabına isə artıb.
Digər investisiyalar üzrə xalis maliyyə aktivləri 6.4 milyard dollar artıb xalis maliyyə öhdəlikləri isə 403 milyon dollar azalıb. Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 41 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 1.3 milyard dollar azalıb. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (49 milyon dollar) hesabına artıb neft-qaz sektorunun kreditləri (653 milyon dollar), dövlət kreditləri (333 milyon dollar), dövlət zəmanətli kreditlər (339 milyon dollar) və müəssisələrin kreditləri (21 milyon dollar) hesabına isə azalıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 3.5 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 0.6 milyard dollar artıb.