DÜNYA
Qırğız eposu “Manas”ın əlyazması UNESCO-nun İrs Siyahısına daxil edilib

Bakı, 9 iyun, AZƏRTAC
UNESCO-nun Baş direktoru Odri Azule qırğız eposu “Manas”ın Saqımbay Orozbakovun variantında olan əlyazmasının UNESCO-nun Qeyri—Maddi İrs Siyahısına daxil edilməsi haqqında sertifikatı Qırğızıstan Prezidenti Sadır Japarova təqdim edib.
AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Sadır Japarov bu yaxınlarda Bişkekdə səfərdə olan UNESCO-nun Baş direktoru Odri Azuleni qəbul edib. Görüş əsnasında iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması, tarixi və mədəni irsin qorunması və təbliği üzrə fikir mübadiləsi aparılıb. Qırğızıstan Prezidenti qeyd edib ki, onun ölkəsi UNESCO ilə əməkdaşlığa, xüsusən təhsil və elm sahəsində beynəlxalq əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
Sadır Japarov xatırladıb ki, Qırğızıstan son onilliklər ərzində dağlıq ərazisi olan ölkələrin dayanıqlı inkişafı və iqlim dəyişikliyinə qarşı mübarizəsi ilə bağlı məsələlərin həllində onların fəal tərəfdarı olub.
UNESCO-nun Baş direktoru, öz növbəsində, rəhbərlik etdiyi təşkilatın bəşəriyyətin mədəni və tarixi irsinin qorunması məsələsində Qırğızıstanla əməkdaşlığını yüksək qiymətləndirib.
Tərəflər bildiriblər ki, birgə proqramların həyata keçirilməsi üzrə sıx əməkdaşlıq bundan sonra da davam edəcəkdir.