ELM VƏ TƏHSİL
Milli Məclis “Təhsil haqqında” qanuna dəyişiklikləri qəbul edib

Bakı, 9 iyun, AZƏRTAC
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 776-VIQD nömrəli və 30 dekabr tarixli 790-VIQD nömrəli “Təhsil haqqında” qanuna dəyişiklikləri qəbul edib.
Dəyişikliklərə əsasən, ölkənin təhsil müəssisələrində sertifikatlaşma üçün əvvəlki kimi 5 deyil, 3 il tələb olunur. Həmçinin 60 (altmış) və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
Qanun layihəsinə görə, peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları müəyyən edilir.
Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən edilir, həmçinin ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası təsdiq edilir.
Layihəyə əsasən, təhsil sahəsində dövlətin vəzifələri sırasına aşağıdakılar daxil edilir:
- peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;
- yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını müəyyən etmək;
- təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən etmək;
- ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydasını təsdiq etmək;
- ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodiki işlərin təşkili, qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxt normasını müəyyən etmək;
- təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyi və nəzarəti həyata keçirmək;
- dövlət məktəbəqədər təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirmək;
- ali təhsil müəssisələrində elmi-tədqiqat işlərini dəstəkləmək və mükafatlandırmaq.
Bu Qanunun 1.3-cü və 1.4-cü maddələri 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Qanun layihəsi səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.