REGİONLAR
Xaçmazda keçirilən humanitar aksiyada 80 nəfər donor qan verib









Xaçmaz, 10 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə keçirilən qanvermə aksiyasında 80 nəfər donor qan verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Səhər saatlarından başlayan qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarında çalışan əməkdaşlar fəal iştirak ediblər. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarının keçirilməsi böyük dəstəkdir.
18-65 yaşarası, çəkisi 50 kiloqramdan artıq, sağlam olan hər kəs qan donoru ola bilər. Kişilər hər 3 ayda, qadınlar isə hər 4 ayda bir dəfə donorluq edə bilərlər.
Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.