DÜNYA
“Chevron” Argentinada neft-qaz layihəsinə 500 milyon dollar sərmayə qoyacaq

Bakı, 10 iyun, AZƏRTAC
ABŞ-ın “Chevron” kompaniyası ilin sonuna qədər Argentinanın cənubunda neft-qaz yatağının işlənməsinə 500 milyon dollar sərmayə yatıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Argentinanın iqtisadiyyat naziri Serxio Massa özünün tviter səhifəsində yazıb.
“Biz sərmayə proqramı barədə “Chevron” kompaniyası ilə razılığa gəlmişik. Gələn həftə onlar “El-Trapial” yatağının işlənməsi üçün 300 milyon dollar köçürəcək. Layihəyə ümumi yatırım isə bu il 500 milyon dollara çata bilər”, - deyə nazir bildirib.
Argentina İqtisadiyyat Nazirliyinin məlumatına görə, “Chevron” kompaniyasına layihədən hasil olunacaq maye karbohidrogen və qaz istehsalının 20 faizini ixrac rüsumu ödəmədən xarici bazara çıxarmaq hüququ veriləcək.
2010-cu ildə kəşf olunan “El-Trapial” yatağı Vaca Muerta şist karbohidrogenləri formasiyasına aiddir. 2013-cü ildə aparılan hesablamalara əsasən, yataqda 16 milyard barel neft və 308 trilyon kub fut (8,7 trilyon kubmetr) şist qazı ehtiyatı var.