CƏMİYYƏT
İradə İbrahimova: Sahillərimizi təmiz saxlamaq üçün birlik göstərək

Bakı, 10 iyun, AZƏRTAC
Qarşıdan dəniz mövsümü gəlir. Yayda da paytaxtın istisindən qaçıb ən çox üz tutduğumuz məkanlardan biri də dənizdir. Təmiz sahil, mavi Xəzər bütün ilin yorğunluğunu çıxarmağa kömək edir. Bəs qarşılaşdığımız mənzərə bunun əksi olarsa, necə təsir edər? Sahildə müxtəlif tullantılar, dənizin dalğaları arasında qalan plastik butulkalar inanmıram ki, kiməsə xoş təsir bağışlasın. Artıq dördüncü həftədir ki, şimaldan cənubadək Xəzərin, eyni zamanda, bütün respublika çaylarının sahillərində təmizlik aksiyası keçirir, sahillərimizi tullantılardan təmizləyirik. Hər dəfə belə utancverici mənzərə ilə qarşılaşırıq. Vətəndaşlara çağırış etsək də, hələ də təbiətimizə laqeyd, etinasız münasibət göstərənlərin olması bizi məyus edir. Aksiyaların keçirilməsində məqsədimiz vətəndaşlarımızı öz atdıqları tullantıları toplamağa sövq etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Xəzər dənizinin Bilgəh sahilində keçirilən aksiyada iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
“Bilirsiniz, təmizlik aksiyaları zamanı çay kənarlarından, dəniz sahilindən, təbiətdən nə qədər tullantı yığırıq? Bilmirəm niyə ətraf mühitə qarşı bu qədər biganə, qəddar münasibət bəslənir? Olmazmı, o qədərmi çətindir, istirahət etdikləri zaman öz tullantılarını bir torbaya yığıb özləri ilə aparmaq? Necə ki, istirahətə gələndə özləri ilə torbada ərzaq məhsulları gətirirlər, yaranan tullantıları eyni qaydada torbada geri daşısınlar. İnanırıq ki, vətəndaşlarımız istirahət edən zaman tullantılarını hara gəldi atmayacaq və bununla da belə təmizlik aksiyalarının keçirilməsinə kütləviləşməsinə ehtiyac qalmayacaq. Dəfələrlə birliyimizin nələrə qadir olmasına şahid olmuşuq. İnanırıq ki, bu məsələdə də birlik olsaq, həmrəylik nümayiş etdirsək, tez bir zamanda bir-birimizi həmin ziyanlı vərdişdən çəkindirəcəyik. Bizləri birləşdirən dəyərlərdən biri də təbiətimizin mühafizəsi, onun təmizliyinin, flora və faunasının qorunub saxlanılmasıdır. Bir daha qeyd edirəm ki, belə aksiyaları keçirməklə vətəndaşlarımıza çağırış edir, təbiət ərazilərini təmiz saxlamağa təşviq edirik. Təbiətimizi, sahillərimizi təmiz saxlamaq üçün birlik olaq”, - deyə İ.İbrahimova bildirib.