CƏMİYYƏT
DSX-nin hərbi qulluqçusunun özünü öldürməsi fakt üzrə cinayət işi açılıb

Bakı, 10 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Əhmədov Rahil Rahib oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.