İQTİSADİYYAT
Azərbaycanın Ukraynaya göndərdiyi 20 ton yanacaq Odessa şəhərində təhvil verilib





Odessa, 10 iyun, AZƏRTAC
Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya göndərilən 20 ton yanacaq Odessa şəhərində təhvil verilib.
AZƏRTAC xəbər verir ki, təhvilvermə mərasimində “SOCAR Energy Ukraine” şirkətinin Baş direktorunun köməkçisi Həzi Aslanov, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Odessa vilayəti üzrə Baş İdarəsi rəisinin birinci müavini, Mülki Müdafiə Xidmətinin polkovnik-leytenantı Nikolay Fedkalov və xidmətin əməkdaşları iştirak ediblər.
Nikolay Fedkalov çıxış edərək, göstərilən dəstəyə görə Azərbaycan Prezidentinə və SOCAR-a təşəkkürünü bildirib. “Dost dar günündə bəlli olur. Azərbaycan dövləti müharibə dönəmində Ukrayna xalqına öz dəstəyini əsirgəmir, ən çətin günlərdə Ukrayna dövlətinin yanında olub”, - deyə Fedkalov əlavə edib.
Həzi Aslanov isə çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz Ukraynaya yardımlarını davam etdirir. Bugünkü yanacaq da həmin yardımın tərkib hissəsidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Odessa