DÜNYA
Hakan Fidan Türkiyənin Yaxın Şərq siyasətinə hansı yenilikləri gətirəcək?

Bakı, 10 iyun, AZƏRTAC
Diplomatiya və kəşfiyyat bir-biri ilə əlaqəli proseslərdir, belə ki, ikincisi məlumat verir, birincisi ondan istifadə edir. Uğurlu xarici siyasət diplomatlar üçün mövcud olan kəşfiyyat məlumatlarının keyfiyyət və kəmiyyətindən asılıdır. Bir neçə ölkədə, o cümlədən Türkiyədə kəşfiyyat və diplomatiya arasında güclü əlaqə var.
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan növbəti səlahiyyət müddətini təmin etdikdən sonra keçən həftə yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb. Milli Kəşfiyyat Təşkilatına 13 il rəhbərlik edən Hakan Fidan Türkiyə Cümhuriyyəti qurulandan bəri ikinci hərbi keçmişi olan xarici işlər naziridir. O, beynəlxalq aləmdə Türkiyənin bölgədəki diplomatik əlaqələrini yaxşılaşdırmaq üçün arxa planda apardığı uğurlu danışıqları ilə tanınır.
Ərəb mediası yazır ki, H.Fidanın son iki onillikdə apardığı pərdəarxası diplomatiya Türkiyənin Körfəz ölkələri, Misir, İsrail və son zamanlar Suriya ilə yaxınlaşmasında mühüm rol oynayıb. O, Rəcəb Tayyib Ərdoğan və keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunu Körfəz ölkələri də daxil olmaqla, bir sıra yüksək səviyyəli xarici səfərlərdə müşayiət edib. H.Fidan dövlət başçısının göstərişi ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etmək üçün bir neçə dəfə BƏƏ, Misir və Liviyaya səfər edib və Qahirə ilə əlaqələrin bərpası, habelə Türkiyənin Liviyada mövcudluğunun möhkəmləndirilməsi üzrə uğurlu missiyanı yerinə yetirib. Onun İsraillə əlaqələri yaxşılaşdırmaq istiqamətində müzakirələrdə də əsas aktor olduğu deyilir.
Suriya məsələsi Türkiyə üçün çox əhəmiyyətlidir. Yeni xarici işlər naziri 2022-ci ildə Ankara və Dəməşq arasında Rusiyanın vasitəçiliyi ilə baş tutacaq siyasi danışıqlar ərəfəsində Suriya kəşfiyyatının rəhbəri ilə bir neçə dəfə görüşüb. Bu görüşlərin iki məqsədi var idi: birincisi, Türkiyə və Suriya xarici işlər nazirləri arasında görüş üçün zəmin hazırlamaq, ikincisi, Suriyanın şimal və şimal-şərqindəki vəziyyəti müzakirə etmək. Bu danışıqlarda Əsəd rejimi ilə normallaşma ilə yanaşı, Suriyanın şimalındakı kürd silahlı dəstələri, həmçinin suriyalı qaçqınların vətənə qaytarılması ilə bağlı məsələlər də diqqət mərkəzində olub.
Rəcəb Tayyib Ərdoğan seçkilərdə qazandığı qələbə ilə bağlı nitqində Ankaranın cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün “Yurdda sülh, dünyada sülh” devizini “sahibkarlıq və humanitar diplomatiyanın təsir dairəsini azaltmaqla deyil, genişləndirməklə həyata keçirmək əzmində olduğunu” deyib. 2000-ci illərin əvvəlində Türkiyə hökumətinin “qonşularla sıfır problem siyasəti” Türkiyəyə bölgə ilə siyasi, mədəni və iqtisadi əlaqələri gücləndirməyə imkan verdi. Ankaranın Yaxın Şərqə inteqrasiyanı davam etdirmək səyləri ərəb üsyanlarının mənfi nəticələrinə qədər bölgədə alqışlanıb və təqdir edilib.
Ərəb politoloqları bildirirlər ki, Hakan Fidanın təyinatından sonra Türkiyənin Körfəz ölkələri və Yaxın Şərqdəki digər ölkələrlə əlaqələrinin yeni dövrü üfüqdədir. Xarici siyasət idarəsinin yeni rəhbəri Ankaranın xarici siyasətində yeni dövr vizyonunun həyata keçirilməsində tək olmayacaq. Onu kəşfiyyat şefi kimi kəşfiyyat-diplomatiya əlaqəsini həyata keçirən əsas fiqur olan İbrahim Kalın əvəz edib. Bununla yanaşı, xəzinə və maliyyə naziri təyin edilən Mehmet Şimşək qlobal bazarlarda, o cümlədən Körfəz bölgəsində güclü bir iş şəbəkəsinə malikdir.
Analitiklər qeyd edirlər ki, Türkiyənin yeni xarici siyasət yanaşmasının üç istiqaməti var, bunlar, iqtisadiyyat, diplomatiya və kəşfiyyatdır. Onların hər üçü təcrübəli və beynəlxalq aləmdə tanınan kadrlar tərəfindən idarə olunur. Bu təyinatlar Türkiyənin xarici, iqtisadi və təhlükəsizlik siyasəti arasında sıx əlaqənin olacağına işarədir.
Beynəlxalq münasibətlərdə diplomatik məqsədləri iqtisadi maraqlarla birləşdirən məşhur arqument var. İqtisadi strategiyalarla birlikdə kəşfiyyat və diplomatiyanın birləşməsi Türkiyənin inkişaf edən xarici siyasətində yeni bir səhifədir.