ELM VƏ TƏHSİL
Üçüncü “Yüksəliş” müsabiqəsində qabiliyyət üzrə yoxlama imtahanının nəticələri açıqlanıb

Bakı, 10 iyun, AZƏRTAC
Üçüncü “Yüksəliş” müsabiqəsində əyani mərhələnin qabiliyyət üzrə yoxlama imtahanının nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, 1071 nəfər imtahanı uğurla tamamlayaraq əyani mərhələnin idarəetmə bacarıqları üzrə imtahanında iştirak etmək haqqı qazanıb.
İştirakçılar imtahan nəticələrinə şəxsi kabinetin “Hesabatlar” bölməsindən baxa bilərlər.
İyunun 11-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ikinci imtahanı olan idarəetmə bacarıqları üzrə imtahan keçiriləcək. İmtahan günündə bütün imtahan mərkəzlərində qeydiyyat saat 10:00-da başlanacaq və 10:40-da bitəcək. İştirakçılar imtahana şəxsiyyət vəsiqələrini və şəxsi kabinetə göndərilən QR kodu elektron variantda və ya çap halında təqdim edərək daxil ola bilərlər.
İmtahanlar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub. Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.