CƏMİYYƏT
İctimai Birliyin sədri: Biz həmişə vətəndaşlarımızı İranda səhiyyə turizminin çatışmazlıqları barədə xəbərdarlıq edirik

Bakı, 11 iyun, AZƏRTAC
Səhiyyə turizmi dünyanın bəzi dövlətlərində, xüsusilə səhiyyə sistemi inkişaf edən dövlətlərdə miqrasiya siyasətinin əsas komponentlərindən biridir. Həmin dövlətlərdə tibbi xidmətlərin göstərilməsi mexanizmi kifayət qədər təkmilləşdirilib və onların müxtəlif sanatoriya və pansionatlar şəbəkəsi fəaliyyət göstərir. Bəzi Azərbaycan vətəndaşları səhiyyə turizmi, müayinə, müalicə almaq məqsədilə İrana səfər edirlər. Bu ölkəyə səfərə getmə barədə qərarın verilməsi məsələsində vətəndaşlarımıza müəyyən mənada bir neçə amil təsir göstərir. İlk növbədə, Azərbaycanda İranın səhiyyə xidmətlərini təklif edən şirkətlərin müxtəlif klinikalar və sosial şəbəkələr vasitəsilə geniş əlaqələri mövcuddur. Həmin ölkəyə müalicəyə gedən vətəndaşlarımız əvvəlcə göstərilən tibbi xidmətdən məmnunluqlarını bildirirlər, amma bir müddətdən sonra onlar yenidən həmin xəstəliyin daha da kəskinləşməsini hiss edirlər. Onların gəldiyi qənaət odur ki, ilkin mərhələdə orada müalicə zamanı ağrıkəsici preparatlardan daha çox istifadə olunur. Lakin bu proses istənilən səviyyədə davam etmir və xəstəliyə tutulmuş şəxs İrana bir daha səfərə getmək məcburiyyətində qalır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov deyib.
Onun sözlərinə görə, hətta sonrakı mərhələlərdə, İranda müalicə almış şəxslər arasında Türkiyəyə müayinə üçün üz tutanlar da olub. Amma səhiyyə sisteminin mütəxəssislərinin ümumi qənaəti ondan ibarətdir ki, İranda insanların ağrıları sanki dərmanlarla lokallaşdırılır, lakin xəstəliyin müalicəsi dərindən aparılmır. Sadəcə bəzi xəstəliklər sonradan latent formaya keçir və bir müddətdən sonra həmin şəxs təkrarən İrana səfər etmək məcburiyyətində qalır. Yəni bu səhiyyə sistemi elə qurulub ki, istənilən şəxs hər zaman bu ölkədən asılı vəziyyətdə olur. Hətta tövsiyə olunan dərman preparatlarının məhz İrandan alınması bildirilir. Beləliklə, müayinə və xəstəliklərin müalicəsi məqsədilə İrana səfərə getmək, oradakı dərman preparatlarından istifadə etmək, eləcə də telefonla məsləhət almaq baxımından vətəndaşlarımız asılı vəziyyətə düşür. Bu xüsusilə İranın böyük şəhərlərində artıq oturuşmuş sistemə çevrilib. Azərbaycandan gedən şəxsləri yönləndirən İrandakı konkret insanların da ölkəmizlə əlaqələri mövcuddur. Nəticədə müəyyən xəstəlikdən əziyyət çəkən vətəndaşlarımız həkimlər arasında vurnuxmaq məcburiyyətində qalır.
“Eyni zamanda İranda dövlət və özəl klinikaların avadanlıqları köhnə olduğu üçün vətəndaşlarımız daim müxtəlif problemdən şikayətlənirlər. Onlar bildirirlər ki, əgər əvvəllər İranda səhiyyə sistemində xidmət haqları çox sərfəli idisə, hazırda bu qiymətlər hətta digər qonşu dövlətlərindəki tibbi ödənişlərlə eyni səviyyəyə çatıb. Dərman preparatlarının da qiyməti əvvəlki illərə nisbətən kifayət qədər artıb. Dərmanların keyfiyyətinə gəldikdə, xəstəliyin latent formaya keçməsinə əksər hallarda ağrıkəsici dərman preparatları kömək edir. Əgər İranda tibb avadanlıqlar köhnədirsə, deməli bu orada müayinələrin daha dəqiq aparılması və xəstəliyin diaqnozunun düzgün qoyulmasında müəyyən problemlərin yaranmasına yol açacaq. Digər tərəfdən İranda istehsal edilən dərmanların tərkibinin xaricdən gətirilən maddələrdən ibarət olmasıdır. Əgər bu element yoxdursa, deməli, o daxili ehtiyatlar hesabına başqa tərkiblə əvəz olunur, - deyə İctimai Şuranın sədri vurğulayıb.
Azər Allahverənovun fikrincə, o ictimaiyyətlə sıx təmasda işlədiyi üçün bu kimi halların tez-tez şahidi olur: “Bu baxımdan biz həmişə insanlara İrandakı səhiyyə turizminin çatışmazlıqları barədə xəbərdarlıq edirik. Çox zaman İrandakı şirkətlər öz işlərini reklam, marketinq xatirinə qururlar. Lakin təklif olunan xidmətlər bəzən aşağı səviyyəli olur. Ona görə də müxtəlif mənbələrdən doğru məlumat əldə etdikdən sonra İrana səfər etmək barədə qərar vermək lazımdır. Amma reallıq bundan ibarətdir ki, müəyyən xəstəlikdən əziyyət çəkən insan və onun yaxın qohumları müsbət nəticənin əldə olunmasında maraqlıdır. Bu səbəbdən ucuz xidmət və peşəkar tibb personala üstünlük verirlər. Beləliklə Azərbaycandakı İran klinikalarında işləyən həkimlərə müraciət edirlər”.
İctimai Birliyin sədri qeyd edib ki, İran vətəndaşları tibbin müxtəlif sahələrində gəlir qazanmaq üçün daha çox bu biznes sektorunda fəaliyyət göstərməyə çalışırlar. İranlı həkimlər iş axtarmaq üçün xaricə ölkələrə gedirlər. Belə olduğu halda İranın səhiyyə sistemində peşəkar kadr çatışmazlığı və avadanlıqların yenilənməməsi kimi müəyyən problemlər əmələ gəlir. Bu səbəbdən Azərbaycan vətəndaşlarından vəziyyəti düzgün dəyərləndirməyi və ölkəmizdəki yerli həkim personalına, tibbi müəssisələrə daha çox müraciət etməyi məsləhət görürük. Eləcə də onlara etibar etməyi, müəyyən məsələləri dəqiqləşdirdikdən sonra və yalnız zəruri hallarda İrana müalicə üçün getməyi tövsiyə veririk.
“Çalışdığım sahə ilə bağlı deyə bilərəm ki, həmçinin bəzən xəstə şəxsin İrandan Azərbaycana gətirilməsi, onun sənədləşmə işləri və digər məsələlərdə qonşu ölkədə mənfi hallar müşahidə olunur. İstənilən halda səhiyyə turizminə müraciət etmək istəyən vətəndaş müxtəlif səbəblər ucbatından bu kimi hallarla üzləşir. Bununla bağlı sosial şəbəkələrdə da müzakirə aparılır. İrandakı müalicə qiymətlərindən çox da fərqlənməyən, tibb sahəsində inkişaf etmiş, müasir dövrün tələblərinə cavab verən avadanlıqlara və səhiyyə sisteminə malik digər dövlətlərdə də bu xidmətlər göstərilir. Azərbaycana qonşu olan elə dövlətlər var ki, vətəndaşlarımız bu ölkələrin səhiyyə imkanlarından faydalana bilərlər. Çünki əgər İrandakı mənfi hallardan qorunmaq istəyiriksə, digər alternativlərin dəyərləndirilməsinə çalışmalıyıq”, - deyə A.Allahverənov söyləyib.