SİYASƏT
26 saylı Sabunçu birinci seçki dairəsinin məntəqələrində fəallıq müşahidə olunur
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də 26 saylı Sabunçu birinci seçki dairəsinin bütün məntəqələrində səsvermə prosesi demokratik qaydada davam edir, seçicilərin fəallığı müşahidə olunur. Dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb. Seçicilər səhər saatlarından məntəqələrə üz tutur, sərbəst şəkildə səs verirlər.
AZƏRTAC xəbər verir ki, 26 saylı Sabunçu birinci dairə seçki komissiyasının sədri Hüseynqulu Ələsgərov 51 min 430 seçicisi olan dairə seçki komissiyasının ərazisində 37 daimi seçki məntəqəsinin fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, məntəqələrin 10-da veb-kameralar quraşdırılıb. Seçki məntəqələrində komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyəti, seçicilərin səslərini sərbəst şəkildə həyata keçirmələri üçün hər cür şərait yaradılıb.
Səsvermə prosesi 27 saylı Sabunçu ikinci və 28 saylı Sabunçu üçüncü seçki dairələri dairə seçki komissiyalarının məntəqələrində də şəffaf və demokratik şəraitdə davam edir.