CƏMİYYƏT
Göygöl rayonu ərazisinə diametri 8 millimetr olan dolu düşüb
Bakı, 9 sentyabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 9-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərində yağıntılar intensiv və güclü olub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Oğuzda 49 (aylıq normanın 66 faizi), Qəbələdə 41 (aylıq normanın 35 faizi), Qaxda 35 (aylıq normanın 41 faizi), Şəkidə 28 (aylıq normanın 41 faizi), Göygöldə 27 (aylıq normanın 59 faizi), Yevlaxda 25 (aylıq normanın 111 faizi),Tərtərdə 23 (aylıq normanın 92 faizi), Zaqatalada 21 (aylıq normanın 25 faizi), Şahdağda 15, Xaçmaz, Ağdam, Balakən, Xaltan, Naftalanda 14, Daşkəsəndə 13, Göyçay, Göytəpə, Gəncə, Gədəbəydə 12, Xınalıq, Qrızda 11, Qusar, Astarada 10, Mingəçevirdə 9 (aylıq normanın 36 faizi), Şabran, Qobustan, Yardımlı, Tovuz, Ağstafa, Quba, Ağsu, Şəmkir, Ceyrançöl, İsmayıllı, Lənkəran, Zərdab, Altıağac, Şamaxı, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Lerikdə 8 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 10 millimetrədək (aylıq normanın 56 faizi) olub.
Sentyabrın 8-də şimal-qərb küləyi əsib, arabir Goranboy, Naftalanda 18 metr/saniyəyədək güclənib.
Sentyabrın 8-də saat 18:00 radələrində Göygöl rayonu ərazisinə diametri 8 millimetr olan dolu düşüb.
Leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 9-da Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançaydan, Şəki rayonu ərazisindən keçən Damarçın çaydan, Çuxadurmaz, Kişçayından, Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Samux rayonu ərazisindən axan Qabırrı çaydan, İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından sel keçib.