REGİONLAR
Zaqatalalı məzunlardan 388 nəfəri tələbə adını qazanıb










Zaqatala, 9 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 9-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə rayon ictimaiyyətinin görüşü olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri düzüblər.
Rayon rəhbərliyinin, müəllim və valideynlərin iştirak etdiyi tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayonu üzrə Təhsil sektorunun müdiri Kəmalə Əhmədova ali məktəblərə qəbul imtahanlarında zaqatalalı məzunların qazandıqları uğurlardan danışıb. Bildirilib ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 454 məzundan 381 nəfəri tələbə adını qazanıb. Eyni zamanda, əvvəlki illərin məzunlarından 7 nəfər də ali məktəblərə daxil olub. Qəbul olunanların 337 nəfəri ölkəmizin ali təhsil müəssisələrində, 51 nəfər isə xaricdə təhsil alacaq.
Diqqətə çatdırılıb ki, qəbul imtahanlarında məzunlardan 42 nəfəri 500-700 bal arasında, o cümlədən 16 nəfər 600 baldan yuxarı nəticə göstərib. Bəhmətli kənd tam orta məktəbin məzunu Leyla Muradova imtahanlarda rayon üzrə hamıdan çox – 662 bal toplayaraq Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi fakültəsinə qəbul olunub. Ümumiyyətlə, qəbul imtahanlarında akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyin, Humanitar fənlər gimnaziyasının, şəhər 3 nömrəli, həmçinin Aşağı Tala, Yuxarı Tala, Muxax, Danaçı kənd tam orta məktəblərin məzunları daha yüksək nəticələr əldə ediblər.
Akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyin direktor əvəzi Vüsalə Mahmudova, yüksək balla ali məktəbə daxil olan məzunun valideyni Sürəyya Şabanova, rayon üzrə ən yüksək bal toplayan Bəhmətli kənd tam orta məktəbin məzunu Leyla Muradova çıxış edərək, təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara mükafatlar təqdim olunub.