ELM VƏ TƏHSİL
Şəki – Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib











Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də Şəki – Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfransda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev ötən tədris ilində təhsil sahəsində əldə olunan nailiyyətlər, “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq istiqamətlər üzrə uğurla icrası, eyni zamanda, təhsildə innovativ layihələrin tətbiq dairəsinin genişləndirilməsi barədə məlumat verib. İdris İsayev növbəti tədris ili üçün prioritet istiqamətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov təhsil sahəsindəki uğurların daha da artacağına əminliyini ifadə edib və yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev hesabatla çıxış edib.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Konfransda Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Şəki şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, həmin ərazilərdə çalışan məktəb direktorları və müəllimlər iştirak ediblər.