REGİONLAR


İyirmi yeddi il öz ünvanını gözləyən açar – Zəngilanlı köçkün ailəsindən reportaj VİDEO

Saatlı, 23 oktyabr, A.Yavər, AZƏRTAC

Zəngilan rayonunun Havalı kənd sakinləri olan Əliyevlər ailəsi Saatlı rayonunun Əlisoltanlı kəndindəki məcburi köçkün qəsəbəsində məskunlaşıb. Onlar 27 il əvvəl torpaqlarından didərgin düşərkən özləri ilə götürdükləri evlərinin açarını tezliklə geri qayıdacaqları günün ümidi ilə indiyədək saxlayıblar. Nəhayət o gün gəlib çatdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu oktyabrın 20-də Füzulinin, Cəbrayılın, Xocavəndin və Zəngilanın bir neçə yaşayış məntəqəsini düşməndən azad edib. Bu yaşayış məntəqələri arasında Havalı kəndi də var.

AZƏRTAC-ın bölgə müxbiri Əliyevlər ailəsinin qonağı olub, onların sevincini bölüşüb.

Məlum məsələdir ki, düşmən uzun illərdir işğal altında saxladığı torpaqlarımızda bir dənə də olsun salamat ev qoymayıb, hamısını tar-mar edib, talayıb, dağıdıb. Amma Əliyevlər ailəsinin qoruyub saxladığı bu açar o evin qapısını açmasa da, 27 il bağlı qalan ümidləri açacaq. İndi ailənin bütün üzvləri sevinc göz yaşlarına qərq olub. Çünki işğal altında olan Zəngilan şəhəri və onun bir neçə kəndi işğaldan azad edilib. Onlar tez bir zamanda ata-baba yurdlarına qayıtmağı gözləyirlər.

Əjdər Əliyev deyir ki, kəndlərinin azad olunması xəbərini eşidəndə sevincindən nə edəcəyini bilməyib. Bütün qohum-əqrəbasına zəng edərək bu sevinc hisslərini bölüşüb: “Allah Prezidentimizi, Ordumuzu qorusun. Onların sayəsində bu günləri də gördük. Sevincimizin həddi-hüdudu yoxdur. İnşallah doğma kəndimizə qayıdıb, yenə də öz yuvamızı salacaq, öz torpağımızda əkin-biçinlə məşğul olacağıq. İnanın ki, bu neçə gündə sevincimdən yerimdə dura bilmirəm”.

Ailənin xanımı Şövkət Əliyeva isə bildirib ki, Havalı kəndinin işğaldan azad olunması xəbərini eşitdikdən sonra illərdir saxladıqları açarı da sandıqdan çıxarıb. “Bəlkə də düşmən evimizi dağıdıb, amma geri qayıdıb ondan da yaxşısını tikəcəyik. Qapımıza isə gördüyünüz bu açara uyğun kilid qoyacağıq”, - deyə o qeyd edib.

Ailənin böyük oğlu Bayram Əliyevin Zəngilanı tərk edəndə isə 12 yaşı olub. Zəngilanla bağlı xatirələri az olsa da, oraya qayıtmaqla, sanki yarım qalmış xatirələrinə qovuşacaq. Azərbaycan əsgərinin bu qələbəsi isə torpaqlarımızın yağı düşməndən azad olunması ilə yanaşı, bütün şəhidlərimizin, həmçinin Əliyevlərin 27 il əvvəl şəhid olan yaxın qohumlarının da qisasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.