CƏMİYYƏT
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir
Bakı, 28 yanvar, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının Milli Məclisə seçkilərlə bağlı fəaliyyət planına müvafiq olaraq 27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında məntəqə seçki komissiyasının üzvləri üçün maarifləndirici treninqlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Nadir Əjdərov dairə üzrə 39 seçki məntəqəsinin fəaliyyət göstərdiyini deyib. Bildirib ki, dairə üzrə seçicilərin sayı 51 min 605 nəfərdir.
Qeyd edib ki, maarifləndirici treninqlər Milli Məclisə seçkilərin şəffaf və qanunauyğun təşkili üçün mühüm əhəmiyyətə malikdir. Treninq iştirakçıları seçkilərə hazırlığın gedişi ilə bağlı hərtərəfli şəkildə məlumatlandırılır.
Dairədə Milli Məclisə seçkilərə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını diqqətə çatdıran sədr bildirib ki, treninqlərdə seçkiöncəsi, seçki günü və seçkidən sonra görüləcək işlər haqqında məntəqə seçki komissiyalarının üzvləri mütəmadi maarifləndirilir. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Bildirilib ki, 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasında keçirilən treninqlərdə plana uyğun olaraq 39 məntəqə seçki komissiyasının sədri və komissiya üzvləri iştirak edir. Dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə MSK-nın Treninq Qrupu tərəfindən yerlərdə keçirilən treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb. Treninqlərdə trenerlər iştirakçıları səsvermə günü onların görəcəkləri işlərlə, seçki məntəqələrinin açılışına hazırlıqlarla, səsvermə saatlarında reallaşdırılacaq tədbirlərlə bağlı təqdimatlarla və slaydlarla izahlı şəkildə məlumatlandırılır.
Dairə seçki komissiyasının üzvü Telman Sadıqov tərəfindən aparılan treninqlərdə iştirakçılara səsvermə günü məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri, onlarla iş qaydası, seçki günü məntəqə seçki komissiyalarının rolu və fəaliyyəti barədə məlumat verilib.
Treninqlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, hər bir məntəqə seçki komissiyasının üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim edilib.
Məlumat verilib ki, məntəqələr seçki kabinələri, təşviqat lövhələri, məlumat lövhələri, generatorlar, elektrik fənərləri, dövlət bayraqları, dövlət gerbləri, daşınmaz və daşınan seçki qutuları, seçici siyahısı lövhələri, qeydiyyat dəftərləri, təlimat, Seçki Məcəlləsi ilə təmin olunub.