CƏMİYYƏT
Umbakıda müasir penitensiar kompleksində təqsirləndirilən şəxslər və ağır cinayətlər törətmiş məhkumlar saxlanılacaq

Bakı, 17 noyabr, AZƏRTAC
Bu gün Umbakı qəsəbəsində müasir penitensiar kompleks istifadəyə verildi. Burada həm ağır və digər cinayətlər törətmiş məhkumlar, həm də təqsirləndirilən şəxslər saxlanılacaq. Yeni müəssisə kamera tiplidir və ən müasir beynəlxalq tələblərə cavab verir.
AZƏRTAC xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov jurnalistlərə müsahibəsində deyib.
Nazir qeyd edib ki, kameralar 2 və 4 nəfərlik olmaqla, hər birinin ayrıca sanitar qovşağı və gəzinti sahəsi var. Burada məhkumların hüquqlarının təmin olunması üçün hər cür şərait yaradılıb. Tibb-sanitar hissəsi ən müasir zəruri tibbi avadanlıqla təchiz olunub. Eyni zamanda, stasionar qaydada müalicənin, hətta kiçik cərrahi əməliyyatların aparılması üçün imkan var.
“Xüsusilə bildirməliyəm ki, məhkumların yaxınları ilə görüşməsi onların islah prosesində çox böyük əhəmiyyət kəsb edərək gələcək sosial adaptasiyasına xidmət edir. Bununla bağlı burada ayrıca bina inşa olunub. Qanunvericiliyə uyğun olaraq, bu görüşlər qısamüddətli və uzunmüddətli olur. Bu da imkan verir ki, məhkumlar ailələri ilə bir neçə gün ərzində, demək olar ki, studiya-mənzil formasında inşa olunmuş otaqlarda görüşə bilsinlər.
Eyni zamanda, bildirməliyəm ki, burada istintaq təcridxanası olduğundan müstəntiqlərin və vəkillərin normal fəaliyyət göstərmələri üçün lazımi şərait yaradılıb, o cümlədən videokonfrans vasitəsilə istintaq hərəkətlərinin keçirilməsi üçün ən müasir avadanlıqlar quraşdırılıb.
Nazir bildirib ki, məhkumların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilərək cəza siyasəti daim humanistləşdirilir, əfv və amnistiya aktları geniş tətbiq olunur. Cənab Prezidentin 20 illik fəaliyyəti dövründə imzaladığı humanist aktlarla, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya qərarları ilə 64 mindən çox şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad edilib.
Bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə müstəqillik dövrümüzün ən böyük əfv aktı imzalanaraq 800-dən çox məhkum bağışlanaraq azadlığa, öz ailələrinə qovuşub.
Əminik ki, həyata keçirilən tədbirlər, o cümlədən yeni müəssisələrin inşası məhkumların, təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunmasına xidmət etməklə, onların gələcək sosial adaptasiyasına, islah olunaraq azad cəmiyyətə qovuşmalarına böyük töhfə verəcək”, - deyə ədliyyə naziri Fikrət Məmmədov vurğulayıb.
Qeyd edək ki, noyabrın 17-də paytaxtın Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleks istifadəyə verilib, tədbirdə iştirak edən ədliyyə naziri Fikrət Məmmədov yaradılan şəraitlə tanış olub.