MƏDƏNİYYƏT


Ağdamda yeni arxeoloji materiallar aşkar edilmişdir

Ağdam, 7 avqust (AZƏRTAC). Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığındakı İsmayılbəy təpəsində - neolit-eneolit dövrü yaşayış məskənində arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanmışdır.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov AZƏRTAC-a bildirmişdir ki, qazıntı zamanı bizim eradan əvvəl V minilliyin birinci yarısına aid mədəni təbəqə - 9 tikinti qalığı, 1 kiçik gil heykəl, 100-dən çox böyük həcmli sapand daşı, sümükdən bizlər, 3 ədəd böyük saxsı qab aşkar edilmişdir. Dairəvi və düzbucaqlı formada olan tikililərin əksəriyyəti öz orijinal formasını saxlamışdır. Düzbucaqlı formada olan 2 tikili divarının qalınlığı 1-1,5 metr, hündürlüyü 2-2,5 metr, hər birinin sahəsi 100 kvadratmetrdir. Dairəvi formada olan digər tikili qalığının hündürlüyü 1,7 metr, diametri 5,4 metrdir.

Qarabağ neolit-eneolit ekspedisiyası Qarabağ düzündə yerləşən Qafqazın ən qədim erkən oturaq əkinçi maldar tayfalarına məxsus yaşayış məskənlərinin öyrənilməsi məqsədilə 2010-cu ildə yaradılmışdır. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant əsasında Qarabağ düzündə yerləşən müxtəlif dövr arxeoloji abidələrin elektron qeydiyyatına və xəritələşdirilməsinə başlanılmışdır.

Qafqazın ən qədim erkən əkinçi maldar tayfalarına məxsus yaşayış yerlərindən olan İsmayılbəy təpə yaşayış yerində Qarabağ neolit-eneolit ekspedisiyası tərəfindən qazıntılara 2012-ci ildən başlanılmışdır. Həmin il 200 kvadratmetr sahədə aparılmış qazıntı zamanı 8 tikili qalığı, 1 qəbir, 1 böyük həcmli gil qazan aşkar edilmişdir.

Bu yaşayış məskənində aparılan arxeoloji ekspedisiyalar həm qədim tariximizin öyrənilməsi, həm də Qarabağın tarixini saxtalaşdırmağa çalışan ermənilərə cavab baxımından mühüm əhəmiyyətə malikdir. Ümumilikdə, 1,5 hektar sahəni əhatə edən İsmayılbəy təpə neolit-eneolit dövrü yaşayış məskənində arxeoloji qazıntılar sentyabrın ortalarınadək davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.