MƏDƏNİYYƏT
“28 Cinema” üç yeni filmin nümayişlərinə başlayır VİDEO
Bakı, 19 mart (AZƏRTAC). Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” repertuarına müxtəlif janrlardan olan üç yeni film daxil etmişdir.
“28 Cinema”dan AZƏRTAC-a bildirmişlər ki, kinosevərlər martın 20-dən etibarən “Rio 2” 3D cizgi filmini, “Qadın işi” türk filmini və “Avqust” filmlərini izləyə biləcəklər. Bu ekran əsərləri mövsümün maraqla gözlənilən filmlərindən hesab olunur.
“Rio 2” 3D cizgi filmi tutuquşulardan bəhs edir. Blyu, Cevel və onların üç uşağı möhtəşəm Rio de Janeyro şəhərində xoşbəxt həyat yaşayırlar. Cevel uşaqlarının əsl quş kimi yaşamağı öyrənmələrinin lazım olmasına qərar verdikdən sonra o, Amazon çayının cəngəlliklərinə macəralı səyahətə çıxmaqda təkid edir. Blyu yeni məkana uyğunlaşmağa cəhd etdikdə narahat olmağa başlayır. O, qorxur ki, Cevel və üç uşağını itirə bilər.
“Qadın işi” filmi isə Türkiyə istehsalıdır və filmin nümayişləri türk dilində olacaqdır. Bir-birindən fərqli dörd qadın - Nihal, Dürdanə, Gülay və Bilge yaxın rəfiqələrdirlər. Ən pis günlərində bir-birlərinə dəstək olan bu dördlük bu dəfə Gülay üçün gecə bir araya gəlir. Çoxlu çətinliklərlə üzləşən Gülay görüşdükləri axşam yalnız bank soymaqla problemlərini həll edə biləcəyini zarafatla deyir. Rəfiqələrinin də ciddi qəbul etmədiyi bu zarafat getdikcə uzanır və ciddi bir soyğun planına çevrilir.
“Avqust” göz yaşlarınadək gülməli və ağrı qədər kədərli ailə əhvalatıdır. Atalarının müəmmalı itməsindən sonra üç qızı öz sevgililəri ilə analarına dəstək olmaq və ailə başçısını tapmaq üçün doğma evlərinə qayıdırlar.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin biletləri kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə etmək və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş etmək olar.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “Platınum Movıe Suıtes” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.