MƏDƏNİYYƏT
“28 Cinema”da dünya şöhrətli fransız modelyeri haqqında filmin nümayişinə başlanılmışdır VİDEO
Bakı, 28 mart (AZƏRTAC). Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” martın 27-dən etibarən dünya şöhrətli fransız modelyerinin həyatından bəhs edən “İv Sen Loran” filminin nümayişinə başlamışdır.
“28 Cinema”dan AZƏRTAC-a bildirmişlər ki, dram janrında çəkilmiş film hələ premyeradan əvvəl model biznesi ilə maraqlananlarının, tərcümeyi-hal janrını sevənlərin və sadəcə kino həvəskarlarının böyük marağına səbəb olmuşdur.
Film uğurlu gəncin və sonradan moda aləminin ən tanınmış simalarından olan İv Sen Lorenin həyat yolunu əks etdirir. Hələ 21 yaşında ikən məşhur modelyerə Kristian Diorun rəhbərlik etdiyi iri moda evlərini idarə etmək həvalə olunur. Beləliklə, çox gənc köməkçi artıq ilk geyim kolleksiyası ilə hamının diqqətini özünə cəlb edə bilir.
“İv Sen Loran” filmi 2014-cü ildə Berlin kinofestivalında təqdim olunmuşdur.
Calil Lesperin filmi Pyer Berjenin “İv Sen Loran” fondu ilə sıx əməkdaşlığı nəticəsində yaranmış və dünya şöhrətli modelyerin ailəsi tərəfindən təqdir edilmişdir. Filmdə dizaynerin əsl kostyumlarından istifadə olunmuşdur. Çəkilişlər isə Sen Loranın Parisdəki atelyesində, evində və Mərakeşdəki iqamətgahında aparılmışdır.
Fransa istehsalı olan filmin rejissoru Calil Lesperdir. Filmdə rolları Pyer Nine, Giyom Qalienn, Şarlotta Le Bon, Laura Smet, Mari de Vilpen kimi məşhur aktyorlar oynamışlar.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin biletləri kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn qaydada almaq və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş etmək olar.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “Platınum Movıe Suıtes” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house”da yerləşir.