MƏDƏNİYYƏT
“28 Cinema”da triller janrında çəkilmiş iki yeni film nümayiş olunacaqdır VİDEO
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 10-dan etibarən Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”da “Okulus” və “Tibb bacısı” filmləri nümayiş olunacaqdır.
Kinoteatrdan AZƏRTAC-a bildirmişlər ki, “Okulus” bacı və qardaşı izləyən uğursuzluqlar və başlarına gələn qəribə hadisələrdən bəhs edir. Valideynlərinin ölümü yetim qalmış iki uşağın taleyinə ciddi təsir edir. İyirmi yaşında ikən bacısı qardaşına, valideynlərin ölümündə və bütün baş verənlərdə güzgüdən çıxan kabusların günahkar olduğunu sübut etmək istəyir.
“Tibb bacısı” filmi isə qatil tibb bacısı haqqındadır. Günün yarısınadək xəstələrin həyatını xilas edən nümunəvi tibb bacısı kimi özünü göstərsə də, axşamlar seksuallığı ilə insanları tora salaraq onları amansızcasına öldürür. Qanlı hadisələr getdikcə çoxalır və onun həmkarı öz araşdırmasına başlayır. Lakin şübhələrə heç kim inanmaq istəmir.
Biletləri kinoteatrın kassalarından, həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn əldə etmək olar.