CƏMİYYƏT


28 May Azərbaycan tarixinin şanlı səhifəsidir

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan xalqının tarixi olduqca qədimdir. Hətta minilliklər öncə belə indi yaşadığımız torpaqlarda ulu babalarımızın yaşamasını təsdiq edən xeyli tarixi faktlar, sübutlar var. Son minillikdəki tariximizə aid xeyli yazılı mənbələrimiz də mövcuddur. Bu dövr ərzində bizim Xaqani, Nizami, Sührəverdi, Nəsimi, Füzuli, Tusi və başqaları kimi dünya elminin, ədəbiyyatının zirvələri olan şəxsiyyətlərimiz yetişib. Belə böyük dühalar xalqımızın potensialından, dünya xalqları arasındakı yerindən, mənəvi zənginliyindən xəbər verir.

Bu sətirlər AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun 28 May – Respublika Gününə həsr olunmuş məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir:

Təbii ki, tarixi köklərimiz bütün türk dünyası ilə bağlıdır. Amma Azərbaycanın ayrıca bir dövlət kimi formalaşmasında, inkişaf etməsində Şah İsmayıl, Nadir şah dövrünün ayrıca, fövqəladə bir rolu var. Bu dövrlər ərzində xalq öz dövlətçilik qüdrətini də ortaya qoydu. Bizim bir çox xalqların həsəd apara, örnək ala biləcəyi tariximiz var. Amma təəssüf ki, XIX əsrdə Azərbaycanın tarixi ciddi təzyiqlərə məruz qaldı və biz XX əsrin əvvəllərində arzuolunmaz bir vəziyyətə düşmüşdük. Artıq Azərbaycan xalqı bir neçə yerə parçalanmışdı. Öz torpaqlarımızda bizə qənim kimi bir erməni bəlası yetişdirilib inkişaf etdirilirdi. Xalq başdan-başa bir cəhalət içində idi. Mühüm şəhərlərimizdən biri olan Bakı şəhəri tamamilə başqa millətlərin xeyli çoxluq təşkil etdiyi bir məskənə çevrilmişdi. Bakı nefti, təkrarsız gözəl təbiətimiz, münbit torpaqlarımız bir çox xarici dövlətləri Bakı uğrunda mübarizəyə cəlb etmişdi. Azərbaycanı əldə etmək, bölüşdürmək üçün müxtəlif planlar qurulurdu. Rusiyada gedən siyasi proseslər, Rusiya dövlətinin zəifləməsi ilə yaranan xaotik vəziyyət Azərbaycan uğrunda mübarizə aparanları daha da şirnikləndirirdi. Azərbaycanın başının üstünü çox qorxulu qara buludlar almışdı. Amma çox yaxşı ki, Azərbaycanda o zaman sayca az olsa da, xeyli qeyrətli, qüdrətli, müasir dövrün gedişatını dərindən təhlil edə bilən, siyasi proseslərdə düzgün mövqe tuta bilən insanlarımız da var idi. M.F.Axundov, H.B.Zərdabi ənənələri işığında formalaşan bu yeni nəslin Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Sabir, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, H.Cavid, C.Cabbarlı kimi nümayəndələri ilə yanaşı, M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ə.Topçubaşov və onlarla başqaları kimi xeyli siyasi hazırlıqlı, təfəkkürlü gəncləri də yetişmişdi.

Bu insanlarımızın yetişməsində həmin dövrün mühiti, Rusiyada, Avropada gedən proseslərlə yanaşı, Azərbaycan xalqının öz mədəniyyətinin potensialı da böyük rol oynadı. Onların dini məktəblərdə, mədrəsələrdə aldıqları ciddi təhsil, yiyələndikləri həqiqi islami dəyərlərlə yanaşı, o dövrdə yayılan türkçülük, müasirlik dəyərləri, bu üç dəyərlər sisteminin ahəngdar olaraq birləşməsi həmin gənclərin vətənpərvərliyinin, milli iradələrinin, qabaqcıl dünyagörüşlərinin formalaşmasına kömək etdi. Belə bir nəslin yetişməsi, o zaman gedən proseslər XX əsrin əvvəlini tariximizin ən şanlı, qiymətli dövrlərindən biri kimi adlandırmağa əsas verir. Məhz həmin gənclərin hesabına o dövrdə xalqımız başsız, sahibsiz qalmadı. Məhz onların hesabına 1918-ci il mayın 28-də 114 min kvadratkilometr ərazisi olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu ərazinin tərkibində indiki qondarma Qarabağ problemi yox idi.

Beləliklə, Zaqafqaziya seymi dağılandan sonra azərbaycanlılar, gürcülər və ermənilər öz müstəqilliyini elan etdilər. Amma o dövrün siyasətini formalaşdıran güc mərkəzlərinin gürcülərə, ermənilərə olan münasibəti ilə azərbaycanlılara olan münasibəti eyni deyildi. Belə bir tarixi şəraitdə, öz müstəqilliyini elan edə bilmək, dərhal böyük quruculuq işlərinə başlamaq, beynəlxalq münasibətlər qurmaq böyük zəka və iradə tələb edirdi. Həmin insanların həyatı, fəaliyyəti barədə toplanan məlumatları öyrəndikcə onların öz şəxsi həyatlarını xalq işinə qurban verdiklərinin şahidi oluruq.

Rusiyada 1917–ci ilin fevralında baş vermiş inqilab nəticəsində - Çar hakimiyyəti, imperiya devriləndən sonra ölkədə böyük bir xaos yarandı. Həmin dövr olduqca həlledici bir dövr idi. İndiyə qədər imperiyanın tərkibində, çarizmin məhdudiyyətləri içində yaşayan xalqların hamısı öz talelərini müəyyənləşdirmək üçün yollar axtarırdılar. Bu dövr həlledici bir dövr idi, səhv atılan hər bir addımın ağır nəticələri ola bilərdi. Ona görə də həmin dövrdə xalqımızın belə layiqli nümayəndələrinin olması Azərbaycanın gələcək taleyində çox mühüm rol oynadı. Mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət idi. Məmməd Əmin Rəsulzadənin ideoloqu olduğu, əsasını qoyduğu bu dövlət türk və islam dünyasında ilk parlament respublikası, ilk demokratik, hüquqi və dünyəvi bir dövlət idi. Ən mühümü isə o idi ki, bu dövləti idarə etmək üçün yüksəksəviyyəli kadrlar var idi. Azərbaycanın müxtəlif bölgələrində doğulub boya-başa çatmış bu kadrlar hamısı gənc, savadlı, yüksək intellektli və ilk növbədə xalqını, millətini sevən, öz həyatlarını xalqın yolunda qurban verməyə hazır olan insanlar idi. Böyük liderlik keyfiyyəti olan Məmməd Əmin Rəsulzadə, öz intellekti, mənəvi zənginliyi, analitik təfəkkürü, iradəliliyi ilə seçilirdi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı olan Fətəli xan Xoyski Rusiya İmperiyası II Dövlət dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində Xalq Maarif Komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasında Ədliyyə naziri (1918) olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri (1918-1920) olmuş Əlimərdan bəy Topçubaşov təcrübəli diplomat, hüquqşünas idi. Çar Rusiyasında Birinci Dövlət Dumasının (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olmuşdu. Hökumətin tərkibinə daxil olan Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski və başqa məmurlar, parlament üzvləri o dövrün çox qabaqcıl ziyalıları idi.

Onlar qısa bir zamanda, milli ordu, milli pul, milli bank, universitet, bir çox demokratik təsisatlar yaratdılar. İqtisadiyyatın yüksəlişi üçün mühüm tədbirlər həyata keçirdilər. Ciddi beynəlxalq əlaqələr qurdular, Azərbaycanın bütün dünyada rəsmən tanınmasını təmin etdilər. Azad seçkilər keçirilməsinə nail oldular. İlk dəfə qadınların seçim hüququnu tanıyan və qadın–kişi bərabərliyini təmin edən qərarlar qəbul etdilər. Azərbaycanın üç rəngli bayrağını və gerbini, himnini qəbul etdilər.

Təəssüf ki, o zaman qazanılan müstəqilliyin ömrü cəmi 23 ay oldu. Amma bu qısa zaman da xalqın taleyində çox böyük rol oynadı. Şimali Azərbaycanda hüdudları məlum olan bir dövlət müəyyənləşdi. Əhalidə böyük ruh yüksəkliyi yarandı. İnsanlarda milli şüur inkişaf etdi. Bu doğma dövlət devrilsə belə, insanların şüurunda müstəqillik bir reallıq kimi formalaşdı. Əgər ərazisi 114 min kvadratkilometr olan Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, 1920–ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə onun başına nə oyunlar açacaqdılar, bunu təsəvvür etmək belə ürək ağrıdır.

1991–ci ildə SSRİ süqut etdiyi zaman artıq insanların şüurunda yaxın zamanlarda mövcud olmuş müstəqil bir dövlət obrazı yaşayırdı. Bu obraz insanlara müstəqillik yolunda daha konkret inamlı addımlar atmağa kömək etdi. 1988–ci ildə Sovet rejimi tərəfindən edilən haqsızlıqlara qarşı xalqı meydanlara tökən, bununla da SSRİ–nin bünövrəsinin laxlamasında mühüm rol oynayan mübarizə aparmasında da həmin obraz mühüm rol oynadı.

Xalqımızın ulu öndəri Heydər Əliyev 28 mayda elan olunmuş müstəqil dövlətimizə olduqca yüksək qiymət verirdi. Həmin dövlətin üçrəngli bayrağını ölkəmizdə ilk dəfə rəsmi olaraq Naxçıvanda qaldıran dahi liderimiz bununla özünün Azərbaycan Xalq Cümhuriyyətinə olan rəğbətini də nümayiş etdirdi. Azərbaycanın Prezidenti olduğu dövrdə də həmin müstəqil dövlətimizin qəbul etdiyi dövlət atributlarının – bayrağın, gerbin, himnin eyni ilə qalmasının tərəfdarı oldu. Hər il mayın 28-nin müqəddəs bir gün kimi qeyd olunması rəsmi olaraq davam etdi. O dövrdə xalqımızın müstəqilliyi uğrunda çalışmış bütün siyasi liderlərin hər biri indi də dərin hörmətlə xatırlanır, yad edilir. Onların adları fəxr ilə çəkilir, müxtəlif ünvanlara verilir.

Prezident, xalqın böyük ehtiramını qazanmış İlham Əliyev də ulu öndər Heydər Əliyevin ənənələrini davam etdirir. Dövlətimizin başçısı 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb, 2018–ci il 10 yanvar tarixli digər Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu sərəncamlara uyğun olaraq yerinə yetirilən möhtəşəm tədbirlər insanların milli şüurunun, vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.