SİYASƏT


28 May - Respublika Günü Afrika İttifaqının mənzil-qərargahında qeyd edilib

Bakı, 2 may, AZƏRTAC

Afrika İttifaqının mənzil-qərargahında 28 May - Respublika Günü, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 25 illiyi ilə əlaqədar geniş tədbir təşkil edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.

Mərasimdə Efiopiya tərəfindən mədəniyyət və turizm naziri xanım Hirut Kassau, bir sıra nazirliklərin rəhbər şəxsləri, Əddis-Əbəbə şəhərində akkreditə olunmuş bir sıra ölkələrin səfirləri və diplomatları, Afrika İttifaqının, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının (UNECA) və UNESCO-nun Afrika İttifaqı yanındakı təmsilçiliyinin, UNESCO-nun Afrikanın müxtəlif ölkələrindən olan nümayəndələri iştirak ediblər.

Tədbirdə müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış və ölkənin strateji maraqlarına əsaslanan çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən səfir Elman Abdullayev respublikamızın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini deyib. O, Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı olduğunu, ölkəmiz tərəfindən həyata keçirilən nəhəng beynəlxalq və regional layihələrin qlobal və regional inkişafa ciddi töhfə verdiyini və beynəlxalq inkişafa yardım istiqamətində fəal əməkdaşlıq həyata keçirdiyini iştirakçıların diqqətinə çatdırıb.

Səfir Prezident İlham Əliyevin Sərəncamına əsasən 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı olduğunu bildirərək, 2019–cu ildə Azərbaycanın diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinin qeyd olunduğunu bildirib. Müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin müasir bəşəri dəyərlər üzərində qurulduğunu və 1919-cu ildə Paris Sülh Konfransında ölkəmizin müstəqilliyinin dünyanın aparıcı ölkələri tərəfindən tanındığını qeyd edən E.Abdullayev Cümhuriyyətin 1920-ci ildə bolşevik işğalına məruz qaldığını vurğulayıb.

1994-cü ildə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradıldığını və ötən 25 il ərzində ölkəmizin UNESCO ilə birgə dünyada təhsilin, elmin və mədəniyyətin inkişafı ilə bir sıra layihələrə dəstək verdiyini qeyd edən diplomat bu əməkdaşlığın Afrika qitəsini də əhatə etdiyini deyib. O, Azərbaycanın dəstəyi ilə 4 Afrika ölkəsində (Keniya, Tanzaniya, Uqanda və Liberiya) qızların təhsilinin və bacarıqlarının inkişafına dəstək, gender bərabərliyinin təmin edilməsi kimi layihələrin həyata keçirildiyini bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən səfir ölkəmizin 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu və bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən UNESCO-nun Afrikada Potensialın Gücləndirilməsi üzrə Beynəlxalq İnstitutunun direktoru xanım Yumiko Yokozeki Azərbaycanın dünyada elmin, təhsilin və mədəniyyətin inkişafına ciddi dəstək və səy göstərdiyini qeyd edib. O, Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayıb və gələcəkdə UNESCO ilə birgə Afrikanın inkişafına dəstək üzrə əməkdaşlığın genişlənməsinə ümidvar olduğunu bildirib.

Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun başçılıq etdiyi və tarzən Elçin Həşimov, kamança ifaçısı Elnur Əhmədov və Kamran Kərimovun (nağara) daxil olduğu Qarabağ muğam qrupunun ifasında konsert proqramı təqdim edilib. Konsert proqramı Afrika tamaşaçılarında böyük maraqla qarşılanıb. Tədbirdə, həmçinin iştirakçılara ölkəmizin milli mətbəxinə aid yeməklərdən hazırlanmış ziyafət verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.