SİYASƏT
28 May - Respublika Günü Barselonada qeyd olunub
Madrid, 29 may, AZƏRTAC
"Barselonadakı Azərbaycanlılar Cəmiyyəti" 28 May – Respublika Günü münasibətilə tədbir təşkil edib.
Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səslənib. Daha sonra "Barselonadakı Azərbaycanlılar Cəmiyyəti"nin sədri Kərim Kərimov 99 il əvvəl müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən, qısa müddət ərzində gördüyü misilsiz işlərdən danışıb.
Qeyd edilib ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Daha sonra tədbir iştirakçıları çay süfrəsinə dəvət olunub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Barselona