Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

28 May – Respublika Günü münasibətilə rəsmi qəbul
Prezident İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir VİDEO

Bakı, 27 may (AZƏRTAC). Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak etmişlər.

Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Azərbaycanın dövlət himni səsləndi.

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda nitq söylədi.

Prezident İlham Əliyevin

nitqi

- Hörmətli xanımlar və cənablar.

Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn

Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, bu gözəl bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram.

Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılmışdır. Azərbaycanın mütərəqqi nümayəndələri bu respublikanı yaratmışlar. Bu, tarixi hadisə idi. Doxsan altı il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublikanın yaradılması böyük hadisə idi və ondan sonra digər müsəlman ölkələrində respublika quruluşu yaradılmışdır. Ancaq ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına mümkün olmuşdur. Əfsuslar ki, respublikanın ömrü uzun olmamışdır. Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşamışdır. Ancaq bu illər ərzində böyük işlər görülmüşdür. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi həmişə bizim ürəyimizdədir. O illərdə demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara səsvermə hüququ verilmişdir. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, mən tam əminəm ki, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı.

Əfsuslar olsun ki, müstəqillik əlimizdən alındı, 1920-ci ildə respublika süqut etdi və beləliklə, Azərbaycanın uğurlu inkişafına son qoyuldu. Bizim təbii sərvətlərimizi, coğrafi vəziyyətimizi, xalqımızın istedadını, mütərəqqi insanların fəaliyyətini nəzərə alaraq tam əminliklə deyə bilərəm ki, əgər biz müstəqil həyat yaşasaydıq bu gün çox qabağa gedə bilərdik. Ancaq nə edək, Azərbaycan Xalq Cümhuriyyətinin böyük gücü yox idi ki, öz müstəqilliyini qoruya bilsin. Bu, təbiidir və 71 il ərzində biz Sovet İttifaqı tərkibində yaşamışıq. Əlbəttə, xalqımız o illərdə inkişaf etmişdir, Azərbaycan da inkişaf etmişdir və deyə bilərəm ki, sovet dövrünün ən parlaq səhifəsi ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Çünki məhz 70-ci illərdən sonra Azərbaycanda sürətli inkişaf dövrü başlamışdır. Deyə bilərəm ki, biz o vaxta qədər müttəfiq respublikalar arasında axırıncı yerdə idik. Ancaq 70-ci illərin sonlarında artıq birinci yerlərə çıxmışdıq. İki donor respublika var idisə, onlardan biri də Azərbaycan idi. Məhz o illərdə sənaye potensialımız yaradılmış, xüsusilə neft sənayesi inkişaf etmişdir. O potensial bu gün də bizə böyük dəstəkdir. Kənd təsərrüfatının yüksəlişi, infrastruktur layihələrinin icrası, əlbəttə ki, Azərbaycanın inkişafını təmin edirdi. Ancaq biz müstəqil, azad deyildik və taleyimiz əlimizdə deyildi.

İkinci şans bizə 1991-ci ildə nəsib oldu. Sovet İttifaqının dağılması nəticəsində başqa müttəfiq respublikalarla bərabər biz də müstəqilliyə qovuşduq. Ancaq o illəri biz hamımız yaxşı xatırlayırıq. Azərbaycan üçün çox ağır, təhlükəli illər idi. Əfsuslar oslun ki, müstəqilliyimizin ilk illərində bu tarixi şansdan o vaxtkı rəhbərlik istifadə edə bilməmişdir. Ölkədə xaos, böhran hökm sürürdü - iqtisadi böhran, siyasi böhran. Nəticədə bu, vəziyyəti hərbi böhrana gətirib çıxarmışdı və vətəndaş müharibəsi başlamışdı. Yəni, iki ildən sonra demək olar ki, bizim müstəqilliyimiz yenə də sual altına qoyulurdu. Sanki tarix təkrarlanırdı, sanki birinci demokratik respublikanın təcrübəsi, yəni, mənfi mənada o təcrübəsi yenə təkrarlanırdı və təkrarlana da bilərdi. Biz bunu yaxşı bilirik. Çünki o vaxt iqtisadiyyat tamamilə çökmüşdü, sənaye istehsalı dayanmışdı, ölkə iflic vəziyyətində idi, erməni işğalı, daxili çəkişmələr, rəhbərlikdə olan şəxslərin fəaliyyətsizliyi və xəyanətkarlığı nəticəsində müstəqillik əldən gedirdi. Xüsusilə AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar, faciəvi hakimiyyəti nəticəsində ölkəmiz uçuruma gedirdi. Torpaqlar itirilirdi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü, daxildə vəziyyət çox ağır idi və nəticədə vətəndaş müharibəsi başlamışdı. Biz o illəri yaxşı xatırlayırıq və bu gün qonşuluqda baş verən hadisələri izləyərkən yenə də əminəm ki, hər bir Azərbaycan vətəndaşı o illərə qayıdır, o illəri xatırlayır və bir daha əmin olur ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi.

Ona görə 1993-cü il əslində real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu.

Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və möhkəmləndirilmişdir. Müstəqil Azərbaycanın Konstitusiyası da Heydər Əliyevin əsəridir. 1995-ci ildə Konstitusiya qəbul edilmişdir. Siyasi sistem formalaşmışdır. Siyasi sistemin formalaşmasında da yenə də Ulu Öndərin rolu danılmazdır. Məhz 1992-ci ildə müxalifət partiyası kimi qurulan Yeni Azərbaycan Partiyası müasir siyasi sistemin yaradılmasında müstəsna rol oynamışdır. Azərbaycanda siyasi islahatlar aparılmağa başlanmışdır. Dünyaya inteqrasiya dövrü başlanmışdır. Azərbaycanı dünyada tanımağa başlamışlar. Bizə qarşı aparılan müharibə sadəcə olaraq erməni işğalı ilə bitmirdi. Azərbaycana qarşı informasiya müharibəsi aparılırdı. Biz informasiya blokadası şəraitində yaşayırdıq və bu blokadanı aradan götürmək, Azərbaycanı dünyaya təqdim etmək və Azərbaycanın potensialını nümayiş etdirmək üçün Ulu Öndər böyük səylər qoymuşdur və bu səylər öz gözəl nəticələrini vermişdir.

İqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılırdı. Milli ideologiyamız məhz o illərdə yaradılmışdır, - bu gün də bizim inkişafımız üçün bu, əsasdır, - dövlətçiliyin əsasları qoyulmuşdur və əlbəttə ki, ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən neft kontraktları imzalanmışdır. İndi Azərbaycanın inkişafını neft sənayesiz təsəvvür etmək mümkün deyildir. Ancaq hamımız yaxşı bilirik, mütəxəssislər də yaxşı bilirlər ki, Sovet İttifaqı dağılanda bizim neft sənayemiz artıq dağılmış vəziyyətdə idi. Neft hasilatı təxminən 10 milyon ton səviyyəsində idi. Bu, heç bizim gündəlik tələbatımızı ödəmək üçün kifayət etmirdi. Bütün ölkədə zülmət, qaranlıq müşahidə olunurdu, elektrik enerjisi çatışmazlığı, elementar infrastruktur layihələrinin olmaması - yəni, bu idi bizim o vaxtkı vəziyyətimiz. Ona görə neft kontraktlarının, xüsusilə “Əsrin kontraktı”nın, - o gündən artıq 20 il keçir, - imzalanması dönüş yaratdı. Həm iqtisadi, həm siyasi sahədə.

1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə aparılan, dərinləşən siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim edir.

Son on il ərzindəki nailiyyətlər haqqında çox danışmaq istəmirəm. Bütün bunlar artıq bəllidir. Bu da tarixdir. Son on ilin təcrübəsi sürətli inkişaf tarixidir. Bu da tarixdə qalacaqdır. Çünki son on il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır.

Bütün statistik göstəricilər bunu təsdiqləyir. Bizim gündəlik həyatımız da bunun əyani sübutudur. Son on il ərzində biz islahatları dərinləşdirərək, cəmiyyətimizi səfərbər edərək, Azərbaycan cəmiyyətində həmrəylik hisslərini gücləndirərək böyük və uğurlu yol keçmişik. Bu yolun təməli 1993-cü ildə qoyulmuşdur. Müstəqilliyimizin, real müstəqilliyimizin ilk ilində qoyulmuşdur. Biz bu gün beynəlxalq arenada söz sahibiyik. Bizimlə hesablaşırlar, bizim mövqeyimiz böyük əhəmiyyət daşıyır. Bizim mövqeyimiz ədalətə, beynəlxalq hüquqa söykənir. Əminəm ki, prinsipial mövqeyimiz həm bölgədə, həm dünyada bizə əlavə hörmət qazandırır.

Hər bir məsələ ilə - istər daxili siyasət, istər xarici siyasət ilə bağlı bizim konkret mövqeyimiz vardır. Biz bunu gizlətmirik, ifadə edirik. Öz niyyətimizi, siyasətimizi açıq şəkildə bəyan edirik və bizim addımlarımız da siyasətimizin davamıdır. Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Ona görə bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir. Əgər söz veririksə, onu yerinə yetiririk. Əlbəttə ki, qarşı tərəflərdən də eyni yanaşmanı gözləyirik.

Son on il ərzində iqtisadi sahədə, regionların inkişafı sahəsində, infrastruktur layihələrin icrası istiqamətində tarixi nailiyyətlər əldə edilmişdir. Beynəlxalq aləmdə Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Böyük dəstək hesabına, inam hesabına. Biz bu şərəfli missiyanı ləyaqətlə icra etmişik. Bizə hörmət daha da artmışdır və bu gün biz nəinki regional məsələlərin həllində, qlobal məsələlərdə də öz sözümüzü deyirik.

Bu illər ərzində biz güclü enerji potensialı yaratmışıq. Bu gün heç kimə sirr deyil ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyini təmin edir. Bəlkə hərbi potensialdan sonra ikinci yerdə dayanan enerji təhlükəsizliyidir. O ölkələr ki, enerji təhlükəsizliyini təmin edib, onlar özlərini rahat hiss edə bilərlər. Biz bunu etmişik. Zəhmətimiz hesabına, aparılan siyasət nəticəsində. Bu, göydən düşən nemət deyildir. Buna biz özümüz nail olmuşuq. Buna Azərbaycan xalqı nail olub. Bizim siyasətimiz bu sahədə də öz səmərəsini bir daha göstərmişdir.

Bu gün Azərbaycan başqa ölkələrin də enerji təhlükəsizliyinə töhfə verərək həm iqtisadi, həm siyasi maraqlarını tam şəkildə təmin edir. Bizim maliyyə vəziyyətimiz bütün ölkələr üçün örnək ola bilər. Yəni, bu sözləri sadəcə olaraq özümüzü tərifləmək üçün demirəm. Sadəcə olaraq ona görə deyirəm ki, bu, reallıqdır. Bizim böyük maddi imkanlarımız, maliyyə imkanlarımız vardır. Biz heç bir beynəlxalq maliyyə qurumunun dəstəyindən asılı deyilik. Bu da bizim müstəqilliyimizi möhkəmləndirir. Nədir müstəqilliyimizi şərtləndirən əsas amillər? Müstəqil siyasət, müstəqil xarici siyasət, güclü ordumuz müstəqilliyimizin dayağıdır, əsasıdır. İqtisadi müstəqillik, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, hər bir ölkənin öz coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə etmək imkanları - bunlardır bugünkü dünyada müstəqilliyi müəyyən edən amillər. Fəxr edirik ki, biz sözün əsl mənasında müstəqilik, müstəqillik bizim üçün ən böyük sərvətdir və ən böyük nailiyyətdir.

Əlbəttə ki, bu gözəl bayram ərəfəsində biz gələcək işlər haqqında bir daha öz fikirlərimizi ifadə edirik. Əslində bizim gələcək fəaliyyətimizlə bağlı bütün proqramlar ictimaiyyət üçün açıqdır. Biz istər xarici siyasətlə, istər daxili siyasətlə, istərsə də iqtisadi sahə ilə bağlı bunları bəyan etmişik. Sadəcə olaraq bir neçə istiqamət üzrə fikirlərimi bu gözəl gündə ifadə etmək istəyirəm.

Daxili siyasətlə bağlı deməliyəm ki, biz Azərbaycanda bundan sonra da sabitliyi qoruyacağıq. Sabitliyin təmin edilməsinin əsas şərti xalqla iqtidar arasındakı birlikdir. Bu da vardır. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Əlbəttə ki, islahatların sürəti, çatışmayan cəhətlərin tezliklə aradan qaldırılması və bunun yolları, iqtisadi sahədə islahatlar, siyasətlə bağlı, xarici siyasətlə bağlı müxtəlif fikirlər ola bilər. Bu, təbiidir. Ancaq ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur, o cümlədən daxili siyasətimizlə bağlı. Ona görə sabitliyin qorunması Azərbaycanda təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan dövləti və hökuməti islahatları apararaq daha da yaxşı şərait yaratmaqla bu sabitliyi möhkəmləndirir. Dünyanın müxtəlif yerlərində sabitlik pozulduqda təhlil aparılır. Nə üçün belədir? Hansı səbəblər buna şərait yaradır? Biz görürük inamsızlıq, idarəetmə qaydalarında kobud səhvlər, iqtisadi və sosial problemlər - bax, bunlar istənilən yerdə sabitliyi poza biləcək amillərdir.

Biz isə bütün məsələlərə düşünülmüş şəkildə yanaşırıq. Bizim əsas məqsədimiz Azərbaycanı daha da güclü dövlətə çevirməkdir, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır. Biz daxili siyasətlə bağlı prinsipial xəttimizi bundan sonra da aparacağıq. İslahatlar dərinləşəcəkdir. Demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində islahatlarımız davam etdiriləcəkdir. Bu islahatları kiminsə xoşuna gəlmək üçün deyil, gələcəyimiz üçün edirik, aparırıq və aparacağıq.

Bu gün Azərbaycan müasir dövlətdir və bu dövlətin çox möhkəm əsasları vardır. Bu əsaslar bizim milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu da çox önəmlidir. Daxili siyasətdə bu amil daim diqqət mərkəzindədir. Biz bundan sonra da ölkəmizin inkişafı üçün bütün tədbirləri görəcəyik. Biz bu möhkəm təməli daha da möhkəmləndirəcəyik.

Şadam ki, gənc nəsil də milli ruhda böyüyür, vətənpərvərlik ruhunda tərbiyə alır. Vətənpərvərlik ruhunda tərbiyə almaq üçün bütün imkanlar vardır. Çünki bu gün hər bir vətənpərvər insan fəxr edir ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. O dövlətin ki, öz vətəndaşlarını darda qoymur. O dövlətin ki, öz vətəndaşlarının arxasında dayanır. O dövlətin ki, öz vətəndaşlarının rifahı üçün əlindən gələni əsirgəmir. Milli dəyərlərin üzərində müasir dövlətin qurulması, əlbəttə ki, bu gün bizi fərqləndirən cəhətlərdən biridir.

Daxili siyasətlə bağlı islahatlar davam etdiriləcəkdir. Cəmiyyəti incidən, narazılıq yaradan xoşagəlməz hallara qarşı mübarizə daha da ciddi aparılacaqdır. Xüsusilə, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Əlbəttə, son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər, uğurlar vardır. Bu, bizi sevindirir, daha da ruhlandırır. Cəmiyyəti də ruhlandırır. Cəmiyyətdə bu işlərin aparılmasına böyük dəstək, inam vardır. Biz bu yolla gedəcəyik. Çünki Azərbaycanda xoşagəlməz hallar olmamalıdır. Azərbaycan cəmiyyəti nümunəvi cəmiyyət olmalıdır. Azad, müstəqil və güclü dayaqları olan cəmiyyət olmalıdır. Biz bu yolla gedirik və gedəcəyik.

Bizim xarici siyasətlə bağlı təşəbbüslərimiz gözəl nəticələr verir. Biz xarici siyasətdə ikitərəfli formata üstünlük veririk. Mən hesab edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə, digər formatlar da vardır. Onlardan da istifadə olunur. Ancaq ikitərəfli format ən böyük səmərə verən formatdır. Bütün ölkələrlə bizim yaxşı münasibətlərimiz vardır. Biz çalışırıq, çalışacağıq ki, ikitərəfli münasibətləri həm region ölkələri ilə, həm də başqa ölkələrlə inkişaf etdirək. Buna nail olmaq üçün böyük imkanlar vardır. O cümlədən bizim artan iqtisadi imkanlarımız və yeni investisiya siyasətimiz vardır. Biz artıq investisiyaları xarici ölkələrə yönəldirik. Beləliklə, xarici tərəfdaşlar üçün Azərbaycan təkcə bir siyasi mərkəz kimi yox, eyni zamanda, bir investisiya mənbəyi kimi də maraqlıdır.

Əlbəttə ki, ilk növbədə, qonşu ölkələrlə münasibətlər daha da möhkəm olmalıdır. Burada bizim bütün qonşu ölkələrlə, təbii ki, Ermənistan istisna olmaqla, fikirlərimiz üst-üstə düşür. Bütün qonşularla münasibətlər bərabər hüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qurulmuşdur. Gələcəkdə qonşu ölkələrlə əməkdaşlıq bizim xarici siyasətimiz üçün prioritet olaraq qalacaqdır. Böyük imkanlar vardır. Həm iqtisadi sahədə, həm də regional əməkdaşlıq sahəsində. Biz ikitərəfli formatdan maksimum dərəcədə fayda götürməliyik. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə artıq bir neçə üçtərəfli format da yaradılmışdır. Dünən Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilmişdir. Biz buna böyük əhəmiyyət veririk. Bundan əvvəlki dövrdə Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran üçtərəfli formatları olmuşdur. Artıq bu formatlar fəaliyyət göstərir. Əlbəttə ki, hər üç formatda Azərbaycan öz yerini tutur. Beləliklə, regional təhlükəsizlik, əməkdaşlıq, siyasi və iqtisadi maraqlarımızın təminatı üçün bu formatlar çox böyük məna daşıyır. Biz gələcəkdə bu üçtərəfli görüşləri əlbəttə ki, davam etdirəcəyik. Bu, artıq mütəmadi xarakter alıbdır.

Biz beynəlxalq təşkilatlarda da fəal iştirak edirik və edəcəyik. Mən BMT-ni xüsusi vurğulamaq istəyirəm. Qeyd etmək istəyirəm ki, BMT dünyanın bir nömrəli təşkilatıdır, bütün dünyanı əhatə edir. BMT-də bizim mövqelərimiz kifayət qədər möhkəmdir və 155 ölkənin dəstəyi ilə Təhlükəsizlik Şurasına seçilməyimiz də bunu göstərir. Bundan sonra da öz fəaliyyətimizi davam etdirəcəyik. Biz digər təşkilatlarda da fəal iştirak edirik. Qoşulmama Hərəkatı BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilatdır. Orada da bizim mövqeyimiz kifayət qədər möhkəmdir. Biz bu təşkilata üzv olandan dərhal sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamə də qəbul edilmişdir. İslam Əməkdaşlıq Təşkilatında biz çox fəal rol oynayırıq. Bakıda çoxsaylı tədbirlər, nazirlər səviyyəsində tədbirlər keçirilir. Əlbəttə ki, İslam Əməkdaşlıq Təşkilatında bizim fəaliyyətimiz bundan sonra da uğurla davam etdiriləcəkdir. Çünki biz İslam aləminin bir parçasıyıq. Bizim milli dəyərlərimizin təməlində İslam dəyərləri dayanır. Eyni zamanda, Avropa Şurası ilə bağlı əməkdaşlıq üçün yaxşı imkanlar, perspektivlər vardır. Biz artıq Avropa Şurasına da sədrlik edirik. Əlbəttə ki, bu sədrlik növbəlilik əsasında olan sədrlikdir. Ona görə hesab etmirəm ki, biz bundan, necə deyərlər, xüsusi bir qürur hissi ilə danışmalıyıq. Sadəcə olaraq, növbəmiz gəlib çatıb. Ancaq hər halda biz də bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik. Avropada demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, islamofobiyaya qarşı mübarizəmiz daha da təsirli olacaqdır.

Əlbəttə ki, müxtəlif beynəlxalq təşkilatlarda üzvlüyümüz bizim siyasi maraqlarımıza xidmət göstərir. Biz bütün bu təşkilatlarda fəaliyyətimizi uğurla davam etdirəcəyik, prinsipial mövqeyimizi həmişə ifadə edəcəyik.

Əlbəttə, xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, Minsk qrupunun 20 ildən artıq fəaliyyətinə baxmayaraq, bu sahədə heç bir irəliləyiş olmamışdır. Ona görə ki, Ermənistan tərəfi bunu istəmir. Artıq heç kimə sirr deyil ki, məsələnin həll olunmaması Ermənistanın qeyri-konstruktiv mövqeyindən asılıdır. Ermənistan status-kvonu saxlamaq istəyir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları status-kvonun qəbuledilməz olduğunu dəfələrlə demişlər, Ermənistan isə buna məhəl qoymur. Bu səbəbdən də məsələ öz həllini tapmır. Ancaq mən hesab edirəm ki, artıq münaqişənin həlli üçün bütün lazımi diplomatik və hüquqi əsaslar qoyulubdur və bu əsasları biz qoymuşuq. Çünki münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi dəstəkləyir və müdafiə edir. Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyildir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır. Başqa həll variantı yoxdur. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır. Heç vaxt qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcəkdir. Beləliklə, məsələnin həlli üçün hüquqi və diplomatik əsaslar vardır. Bu əsaslar kifayət edirmi ki, məsələ öz həllini tapsın? Yox! Əgər kifayət etsəydi, məsələ öz həllini tapardı. Əlavə nə edilməlidir ki, məsələ öz həllini tapsın?! Biz bunu da çox yaxşı bilirik. Əlavə, iqtisadiyyat daha da güclü olmalıdır. Biz Ermənistanı bundan sonra da mümkün qədər təcrid vəziyyətində saxlamalıyıq. Halbuki indi tam təcrid deyil və onun digər ölkələrlə qapıları açıqdır. Ancaq biz Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bunun nəticəsində Ermənistandan kütləvi köç müşahidə olunur. Onların statistik məlumatlarına əsasən ölkədən hər il 80-90 min insan həmişəlik gedir və gedəcəkdir. Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura rejimi varsa, o qədər də tez Ermənistanın vəziyyəti daha da ağır olacaqdır. Ona görə, əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir. Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır ki, bir qədər nəfəs ala bilsin. Əks təqdirdə bu ölkənin taleyi çox qaranlıq olacaqdır.

Biz isə öz səylərimizi davam etdirəcəyik. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq. Orduya daha da böyük dəstək veriləcəkdir, daha da böyük vəsait ayrılacaqdır. Bu gün dünyada və bölgədə gedən proseslər bir daha onu göstərir ki, ordu quruculuğuna ayrılan böyük diqqət müstəqilliyimizin əsasıdır.

Biz gələcək illərdə hərbi potensialımızın gücləndirilməsi üçün nə qədər lazımsa, o qədər vəsait ayıracağıq, ən müasir texnika alınır və alınacaqdır. Azərbaycan Ordusu dünya miqyasında texniki təchizat baxımından güclü ordular sırasındadır. Ordu quruculuğunda, orduda gedən islahatlar bizim döyüş qabiliyyətimizi artırır, orduda nizam-intizam möhkəmlənir, struktur islahatları aparılır, təmas xəttində əlavə işlər görülür və görüləcəkdir.

Biz həmsədr ölkələrdən etimad tədbirləri haqqında dəfələrlə eşidirik. Ən gözəl etimad tədbiri erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasıdır. Başqa etimad tədbiri ola bilməz. Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıbdır. Əgər Ermənistan istəmirsə ki, ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Halbuki bu gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz. Bir sözlə, biz bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdən dönməyəcəyik və bütün imkanlardan istifadə edib Ermənistanı işğalçı, kriminal ölkə kimi ifşa edəcəyik.

İqtisadi siyasətimizlə bağlı proqramlar dərc edilib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası dərc edilibdir. Bu barədə çox danışmaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, 2020-ci ilə qədər və bəlkə də ondan da tez ölkəmizdə mövcud olan bütün əsas infrastruktur layihələri başa çatmalıdır. Proqramlar var, büdcədə vəsait var və biz bunu edəcəyik.

Qeyri-neft sektorunun inkişafı bizim diqqətimizi daha çox cəlb edir. Bu istiqamətdə də bizim verdiyimiz bütün tapşırıqlar yerinə yetirilir. Qeyri-neft sektorumuz hər il təxminən 10 faiz artır. Əgər bu, növbəti illərdə davam edərsə, - buna mən şübhə etmirəm, - o zaman iqtisadiyyatımızın şaxələndirilməsi tam təmin ediləcəkdir.

Nəhayət, enerji təhlükəsizliyi barədə bir-iki kəlmə demək istərdim. Azərbaycan artıq özü üçün enerji təhlükəsizliyi məsələlərini çoxdan həll edibdir. Başqa ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Bu gün bizim qarşımızda duran əsas layihə TANAP layihəsidir. Bu layihənin də təşəbbüskarı biz olmuşuq. 2012-ci ildə Türkiyə və Azərbaycan arasında saziş bağlamışıq. Bu da “Cənub” qaz dəhlizinin yaradılması işində dönüş nöqtəsi olmuşdur. Çünki o vaxta qədər, təqribən 7-8 il ərzində ancaq danışıqlar gedirdi və “Cənub” qaz dəhlizinin yaradılması üçün kifayət qədər beynəlxalq səylər göstərilməyib. Biz vəziyyəti təhlil etdik və gördük ki, belə davam edərsə, bu danışıqlar hələ bir 10 il də davam edəcək, heç bir fayda vermədən. Ona görə də məsuliyyəti və təşəbbüsü öz üzərimizə götürərək çox düşünülmüş addım atdıq. TANAP layihəsi bu gün bölgənin enerji xəritəsini dəyişdirən bir layihədir. Azərbaycan bu layihənin əsas səhmdarıdır, əsas təşəbbüskarıdır və əsas icraçısıdır. Əminəm ki, bu qlobal layihə vaxtında - 2018-ci ilə qədər icra ediləcəkdir. Bunu etmək üçün bütün imkanlarımız - həm maliyyə, həm də texniki imkanlarımız vardır. Bizim peşəkar mütəxəssislərimiz vardır. Bu layihəni icra etmək üçün bizim siyasətimiz davam etdirilməlidir.

Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq. Sağ olun!

X X X

Daha sonra Prezident İlham Əliyevin mayın 27-də imzaladığı Sərəncamla 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət mükafatlarının təqdimat mərasimi oldu.

Mədəniyyət sahəsində mükafat Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə Oqtay Sadıxzadəyə, konsert ifaçılıq fəaliyyətinə görə isə Ramiz Quliyevə verildi.

Xalq Artisti Ramiz QULİYEV mükafata görə minnətdarlığını bildirərək dedi:

- Əziz və möhtərəm cənab Prezident.

Çox hörmətli Mehriban xanım.

Hörmətli xanımlar və cənablar.

Bu gün mənim həyatımda çox əlamətdar bir gündür. Azərbaycan Respublikası Günü - milli bayramımız günündə Azərbaycan Respublikasının Dövlət mükafatını mənə bizim çox əziz, sevimli, möhtərəm Prezidentimiz təqdim etdi.

Bu, mənim üçün çox böyük şərəfdir. Bu mükafatı mənim timsalımda Azərbaycan tarına, Azərbaycan tar ifaçılığına və uzun illər, əsrlər boyu inkişaf edə-edə gəlib bu gün öz halal yerini, yüksək zirvəsini tutan tar sənətinə, tar ifaçılığına verilən mükafat hesab edirəm, möhtərəm cənab Prezident.

Dünya ölkələrində çoxlu sayda tar vardır. Amma, möhtərəm cənab Prezident, Azərbaycan tarından dünyada yoxdur. Bu, Sizin apardığınız çox yüksək, gözəl siyasət və bizim hamımızın əzizi olan unudulmaz Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri çox hörmətli Mehriban xanımın gördüyü işlər nəticəsində sübut olundu.

Bu gün tarımızın səsi dünya səhnələrindən gəlir, böyük orkestrlərdə ifa olunur. Azərbaycan tarının məhz dünya musiqi alətləri içərisində ilk dəfə olaraq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin və şəxsən hörmətli Mehriban xanımın çox böyük cəsarəti, şəxsi nüfuzu hesabına başa gəlmişdir.

Möhtərəm cənab Prezident, mən bu gün çox həyəcanlıyam, amma, eyni zamanda, çox sevinirəm. Ona görə ki, bizim hamımız üçün, şəxsən mənim üçün xatirəsi çox əziz olan unudulmaz böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursu uğurla davam edir. Onun Azərbaycan milli musiqisinə, mədəniyyətimizə, incəsənətimizə, bütün sahələrə göstərdiyi qayğı, doğrudan da, uğurla davam etdirilir.

Ramiz Quliyev bu gün ölkəmizdə bütün sektorlarda müşahidə olunan inkişafın mədəniyyət sahəsini də əhatə etdiyini bildirdi. Qeyd etdi ki, bu inkişaf istedadlı gənc nəslin yetişməsinə töhfə verir. Bundan əlavə, xalqımızın milli mənəvi dəyərlərinin dövlət səviyyəsində qorunmasının, bu istiqamətdə mühüm tədbirlərin görülməsinin sənət adamların daha da ruhlandırdığını vurğulayan Ramiz Quliyev dedi:

- Bu məsuliyyəti dərk edərək Sizə söz verirəm ki, neçə-neçə belə tarzənlər yetişəcək və verdiyiniz bu qiymət üzü Mirzə Sadıq Əsəd oğlundan - Sadıqcandan bəri bu günə qədər fəaliyyət göstərən bütün tarzənlərin sənətinə və fəaliyyətinə verilən qiymətdir. Siz tarımızı, mədəniyyətimizi qorudunuz. Allah Sizi qorusun, Allah Sizi bizim xalqımıza və tarımıza, sənətimizə, mədəniyyətimizə çox görməsin. Sizə və möhtərəm Mehriban xanıma tarımız qədər ömür arzulayıram. Allah Sizi qorusun. Var olun, minnətdaram, möhtərəm cənab Prezident.

X X X

Elm sahəsi üzrə Dövlət mükafatı “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” monoqrafiyasına görə Tofiq Nağıyevə təqdim edildi.

Bu diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edən Dövlət mükafatı laureatı Tofiq NAĞIYEV dedi:

- Çox hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

Bu gün mənim çox xoşbəxt günümdür. Ona görə ki, cənab Prezident, Siz elm sahəsində olan yüksək dövlət mükafatını mənə təqdim etdiniz. İcazə verin, mən Sizə öz dərin minnətdarlığımı bildirim.

Cənab Prezident, Siz Azərbaycan elminin nüfuzunun artmasına böyük qayğı göstərirsiniz. Bu, Sizin elmə, təhsilə və yüksək mədəniyyətə söykənən missiyanın, böyük maarifçiliyə vurğunluğunuzun təcəssümüdür. Biz alimlər isə Sizin etimadınızı doğrultmağa çalışırıq. Çox sağ olun, cənab Prezident.

X X X

Ədəbiyyat sahəsi üzrə Dövlət mükafatı “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildlik sənədli-bioqrafik kitabına görə Elmira Axundovaya təqdim olundu.

Bu mükafatı almaqdan şərəf hissi duyduğunu, yaradıcı insanlar üçün bunun böyük dəyər olduğunu deyən Elmira AXUNDOVA 2003-cü ildən üzərində işlədiyi “Heydər Əliyev: Şəxsiyyət və zaman” altıcildliyinin ötən il Heydər Əliyev Mərkəzində uğurla təqdim olunduğunu bildirərək dedi:

- Gərgin işlə, düşüncələrlə, daimi axtarışlarla, müxtəlif insanlarla söhbətlərlə, dahi Heydər Əliyevə hədsiz sevgi, məhəbbət və ehtiramla dolu bu illər ərzində mən ilk növbədə, doğrudan da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətini daim hiss etmişəm, onun mənə olan inamına arxalanmışam. Məhz cənab İlham Əliyevin icazəsi ilə mənə Heydər Əliyevin şəxsi arxivində işləmək kimi çox böyük bir xoşbəxtlik nəsib olmuşdur. Mən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya çox minnətdaram. Çünki məhz onların göstərişi, onların icazəsi ilə kitabın təqdimatları ayrı-ayrı illərdə nəinki respublikamızda, xarici ölkələrdə də çox yüksək səviyyədə təşkil olunmuş və dünya ictimaiyyəti artıq bu kitabla tanış olmağa başlamışdır.

Mən Heydər Əliyevin yaxınlarına, doğmalarına minnətdaram. Çünki onların dəyərli xatirələri bu kitabı zənginləşdirdi və ümumiyyətlə burada, bu zalda əyləşən insanlar bütün bu illər ərzində mənə dəstək olublar. Prezidentimiz başda olmaqla onlara hədsiz minnətdarlığımı bildirirəm. Çünki onlarsız bu kitab olmazdı. Çox sağ olun. Mən sizin qarşınızda baş əyirəm.

Elmira Axundova yeni cildlərin hazırlanması ilə bağlı işlərin davam etdirildiyini bildirdi. Növbəti mərhələdə bu kitabların xarici dillərə tərcümə edilərək dünyada yayılmasının diqqət mərkəzində olacağını vurğulayan Elmira Axundova dedi:

- Mənim sevimli qəhrəmanımın məşhur bir kəlamını xatırlatmaq istəyirəm: “Mən ömrümün qalan hissəsini öz xalqıma bağışlayıram”. Mən də Sizə söz verirəm ki, etimadınızı doğruldacağam və ömrümün qalan hissəsini də Heydər Əliyevin ölməz obrazının ədəbiyyatda, publisistikada, bəlkə də kinoda bədii təcəssümünə həsr edəcəyəm. Çox sağ olun.

X X X

Rəsmi qəbul incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

28 May – Respublika Günü münasibətilə rəsmi qəbul Prezident İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir VİDEO

Nigerdə azı 7 əsgər yaraqlıların hücumu nəticəsində öldürülüb

Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb

Avropa çempionatının ikinci günündə güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıb

Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir

Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib

Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

“International Policy Digest” nəşri Cənubi Qafqazda davamlı sülhün əldə olunması imkanlarından yazıb

Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri

ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan-Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib

Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır

Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

Masallıda Ombudsman Aparatı və BQXK tərəfindən seminar təşkil olunub

Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

İdarə rəisi: Qabaqlayıcı tədbirlər nəticəsində Lənkəran ərazisində subasma hadisəsi baş verməyib

“Azərpoçt”un “İnternet bankçılıq” xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

Azərbaycan və Ukrayna arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib

Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb

II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində ikitərəfli sənədlər imzalanıb - YENİLƏNİB

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq qaydalar təsdiq edilib

ADY-nin sədri Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib YENİLƏNİB

“Israel HaYom”: Separatçı terrorçu Vardanyan Qərb mediasının gözündə “azadlıq döyüşçüsü”nə çevrilib

“Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Yol xəritəsi” üzrə görülən işlər müzakirə olunub

Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatında dəyişiklik edilib

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib

Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq

Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib

Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur

Azərbaycan çayı FAO-nun Romadakı qərargahında keçirilən çay sərgisində təqdim edilib VİDEO

Azərbaycan “Azot Sintezqaz Rusiya və MDB” sərgi-konqresində təmsil olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Torpaq sürüşməsi nəticəsində Gürcüstanın Muxiani rayonunda 14 minə yaxın abonent qazsız qalıb

Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək

ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb

Akademik Nərgiz Paşayeva: Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib…

SXA müəssisələrinin əməkdaşları üçün “PR və kommunikasiyanın əsasları” mövzusunda təlim təşkil edilib

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib YENİLƏNİB

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO VİDEO

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub

Polşalı alim Ədəbiyyat İnstitutunda mühazirə oxuyub

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

PISA 2025 üzrə infosessiyalar təşkil edilib

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb

Bəhruz Nəbiyev: Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların sayı növbəti illərdə artırılacaq

Tərtər rayonunda mina hadisəsi baş verib VİDEO

Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib

RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək

Paytaxt məktəblərində operativ monitorinqlər davam edir

Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş kitabın təqdimatı keçirilib

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir

Cəfər Cabbarli və milli istiqlal hərəkatı - seminar

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb