28 MAY AZƏRBAYCAN TARİXİNİN ƏN ŞƏRƏFLİ SƏHİFƏLƏRİNDƏN BİRİDİR
AHİK fəallarının iştirakı ilə keçirilən yığıncaqda təşkilatın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını xatırladaraq qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, xalqımızın azadlıq uğrunda mübarizəsinin parlaq nümunəsinə çevrilmiş, müasir dövlətimizin ləyaqətli və şərəfli sələfi olmuşdur.
S.Mehbalıyev XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan dövlətinin ilk illərdə səriştəsiz rəhbərlik ucbatında müxtəlif təhlükələrlə üzləşdiyini, yalnız xalqımızın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti, titanik zəhməti sayəsində dəhşətli bəlalardan xilas olduğunu vurğulamışdır.
28 Mayın Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edən natiq, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün inamla irəlilədiyini, dinamik inkişaf etdiyini, regionda və dünyada lider dövlətə çevrildiyini vurğulamış, ölkəmizin başçısının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daim diqqət və qayğı göstərdiyini bildirmişdir.
Tarix elmləri doktoru Kərim Şükürov Azərbaycan Xalq Cümhuriyyətinin yaranışı, o dövrün ictimai-siyasi prosesləri, cümhuriyyətin süqutuna zəmin yaradan şərtlər barədə iştirakçılara geniş məlumat vermişdir.