28 MAY MİLLİ TARİXİMİZİN ŞANLI SƏHİFƏSİDİR
AZƏRTAC xəbər verir ki, mayın 27-də Qaradağ Rayon İcra Hakimiyyətində müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasının 90-cı ildönümünə həsr olunmuş “Tarixin şanlı səhifəsi” mövzusunda konfrans keçirilmişdir.
Konfransda rayon icra hakimiyyətinin başçısı Hüseyn İsrafilov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və başqaları 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını qeyd etmiş, cəmi 23 ay yaşamış bu dövlətin iqtisadiyyat, təhsil, mədəniyyət, səhiyyə və s. sahələrdə gördüyü böyük işlərdən danışmışlar. Bakı Dövlət Universitetinin yaradılmasını, Azərbaycan dilinin rəsmi dövlət dili elan olunmasını, xarici ölkələrin ali təhsil ocaqlarına azərbaycanlı gənclərin göndərilməsini bunun bariz nümunəsi kimi dəyərləndirmişlər. Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin çox ağır bir dövrə təsadüf etməsindən və süqutunun səbəblərindən danışmışlar.
H.İsrafilov XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan dövlətinin ilk illərdə səriştəsiz rəhbərlik ucbatından təhlükələrlə üzləşdiyini, yalnız xalqımızın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti, titanik zəhməti hesabına respublikamızın dəhşətli bəlalardan xilas olduğunu xüsusi vurğulamışdır. Natiq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişaf etdiyini, regionda və dünyada lider dövlətə çevrildiyini faktlarla diqqətə çatdırmışdır.
Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, o dövrün ictimai-siyasi prosesləri, tarixi şəxsiyyətlərin fəaliyyəti barədə fikirlərini bölüşmüşlər.