İQTİSADİYYAT
29 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti dəyişdirilir
Bakı, 9 iyun, Elvin Camalov, AZƏRTAC
29 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, dəyişikliyə əsasən 29 nömrəli marşrut xətti üzrə avtobuslar 20 Yanvar-Cavadxan-H.Babaşov küçələrindən keçmədən Moskva prospekti ilə birbaşa “Beynəlxalq Avtovağzal” kompleksinə qədər hərəkət edəcək.
“Məlumat üçün bildirim ki, 29 nömrəli marşrut üzrə avtobuslar hazırda Moskva prospekti-20 Yanvar küçəsi istiqamətində hərəkət edir. Həmin istiqamətdə də 156, 193 və 525 nömrəli marşrutlarla üst-üstə düşür və ümumilikdə göstərilən hissədə 42 ədəd müxtəlif markalı (daewoo, otoyol) avtobuslar sərnişindaşıma xidməti yerinə yetirirlər. Məlum dəyişiklik 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində (“Şamaxinka” adlanan ərazidə) avtonəqliyyat vasitələrinin sayının azaldılaraq tıxacın qismən də olsa aradan qaldırılması, təkrarlanan marşrutların hərəkət istiqamətlərinin dəyişdirilməsi, o cümlədən “Beynəlxalq Avtovağzal” kompleksi və “Avtovağzal” metro stansiyası ilə Badamdar qəsəbəsinin əlaqələndirilməsi baxımından vacib hesab edilib”, - deyə M.Ağayev vurğulayıb.
M.Ağayev qeyd edib ki, iyunun 10-dan sınaq məqsədilə 29 nömrəli marşrut üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.