SİYASƏT
2 FEVRAL - AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜ RESPUBLİKAMIZDA GENİŞ QEYD OLUNMUŞDUR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN VƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
AZƏRTAC xəbər verir ki, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının üzvləri, respublika ictimaiyyətinin nümayəndələri fevralın 2-də Gənclər günü münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə əklil qoymuşlar.
Gənclər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi qoymuşlar.
X X X
Mərasim iştirakçıları Şəhidlər xiyabanını da ziyarət etmişlər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Elə həmin gün 50-dək idmançının iştirakı ilə velosiped yürüşü keçirilmişdir. Respublika velotrekindən başlayan yürüş Parlament prospekti ilə Fəxri xiyaban və Şəhidlər xiyabanı önündən keçməklə “Azadlıq” meydanında başa çatmışdır.