30-cu yubiley “Baku Energy Week” və 22-ci “TransLogistica Caspian” sərgiləri öncəsi iştirakçılarla görüş keçirilib


Bakı, 22 aprel, AZƏRTAC
Regionun aparıcı enerji tədbiri olan 30-cu yubiley “Baku Energy Week” və 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransLogistica Caspian” sərgisinin iştirakçıları üçün işgüzar görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Enerji Həftəsinə dəstək göstərən Azərbaycan Respublikasının Energetika Nazirliyinin və baş tərəfdaş qismində çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), ümumilikdə 48 şirkətdən 70-ə yaxın nümayəndə iştirak edib.
Tədbir zamanı sərgiyə hazırlıq prosesində diqqət olunmalı məsələlər, eləcə də iştirakçılara işgüzar əlaqələr qurmaq üçün sərginin təmin etdiyi imkanlardan maksimum dərəcədə faydalanmaq yolları haqqında məlumat təqdim olunub.
Tədbirdə 30-cu yubiley "Baku Energy Week" və "TransLogistica Caspian" sərgisinin işgüzar proqramı, eləcə də 30-cu Yubiley Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək yubiley tədbirləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Xəzər regionunun nəhəng enerji tədbiri olan “Baku Energy Week” və “TransLogistica Caspian” sərgisi iyunun 2-dən 4-dək Bakı Ekspo Mərkəzində, “Baku Energy Week”in tərkibi sayılan “Baku Energy Forum” isə iyunun 3-dən 4-dək Bakı Konqres Mərkəzində keçiriləcək.