REGİONLAR
Xüsusi nümayəndə: Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlanılması nəzərdə tutulur
Laçın, 2 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu ilin sonunda Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlanılması nəzərdə tutulur. Sakinlər üçün həm çoxmənzilli, həm də fərdi evlərin tikilməsi planlaşdırılır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
M.Məmmədov bildirib ki, işğaldan azad edilmiş Laçın rayonunda qısa müddətdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq bu işlər davam etdirilir. Keçmiş məcburi köçkünlər doğma yurdlarına köçürülür. Bu ilin ikinci yarısında Bəylik və Güləbird kəndlərində fərdi evlərin tikintisi nəzərdə tutulur”, - deyə Məsim Məmmədov vurğulayıb.