İDMAN
AZƏRBAYCAN İDMANÇILARI AFİNA OLİMPİADASINDA ÇIXIŞLARINI DAVAM ETDİRİRLƏR
Avqustun 15-də daha bir boksçumuz ilk görüşünü qələbə ilə başa çatdırmışdır. 69 kiloqram çəki dərəcəsində yarışan Ruslan Xairov Kanada idmançısı ilə döyüşün üçüncü raundunda texniki nokautla qalib gələrək, 1/8 finala çıxmışdır. O, habelə birinci görüşdə Yunanıstan idmançısına çətin mübarizədə qalib gəlmiş Cavid Tağıyev növbəti döyüşlərini avqustun 19-da, ilk qarşılaşmada braziliyalı boksçunu məğlubiyyətə uğratmış Əli İsmayılov isə avqustun 21-də keçirəcəklər.
10 metr məsafəyə pnevmatik tapançadan atəş açmaqda yarışan İradə Aşumova təsnifat mərhələsində 386 xal toplayaraq ikinci nəticə göstərmişdir. İradə səkkiz idmançının iştirak etdiyi final mərhələsinə də inamla başlamışdı və ilk beş atəşdən sonra lider idi. Təəssüf ki, təcrübəli idmançının 6-7 və 10-cu atəşlərdəki uğursuzluğu onun yarış cədvəlindəki mövqeyinə çox mənfi təsir göstərdi və İradə Aşumova ümumi hesabda 481,5 xalla (xatırladaq ki, bu, onun şəxsi rekordudur) şəkkizinci yeri tutdu. Bu növdə qızıl medalın sahibi isə 483,3 xal toplayan gənc Ukrayna idmançısı oldu.
İradə Aşumova avqustun 18-də kiçikçaplı tapançadan 25 metr məsafəyə atəş açmaqda yarışacaqdır. Ümid edirik ki, bu dəfə onun çıxışı daha uğurlu olacaqdır.
Cüdoçularımız da yarışa başlamışlar. Lakin, təəssüf ki, komandamızın ən ümidverici üzvlərindən biri, 66 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu Elçin İsmayılov azarkeşlərini sevindirə bilməmişdir. O, Macarıstan idmançısı, Avropa çempionu Unvari Mikloşla keçirdiyi ilk görüşdə əvvəlcə xal hesabı ilə irəlidə idi. Elçin hücumlardan birində fənd işlədərkən səhvə yol vermiş və bundan istifadə edən macar idmançısı əks-fəndlə təmiz qələbə qazanmışdır. Bu çəki dərəcəsində Yaponiya cüdoçusu Olimpiya çempionu olmuşdur.
Üzgüçülərin brass üsulu ilə 100 metr məsafəyə yarışında Azərbaycan nümayəndəsi Nataliya Filina 48 idmançı arasında 44-cü nəticə göstərmişdir.
X X X
Azərbaycanın daha bir boksçusu - 60 kiloqram çəki dərəcəsində çıxış edən Rövşən Hüseynov Olimpiya oyunlarında ilk görüşünü uğurla keçirmişdir. O, avqustun 16-da Afinada Cənubi Afrika boksçusu Bonqani Vanderbou Mahlanqu ilə döyüşün lap əvvəlindən təşəbbüsü ələ alaraq, rəqibini 22:14 hesabı ilə məğlubiyyətə uğratdı.
Elə həmin gün 62 kiloqram çəki dərəcəsində mübarizəyə başlayan ağır atletimiz Asif Məlikov öz imkanlarından aşağı səviyyədə çıxış edərək, yarışların mükafatçıları sırasına çıxmaq imkanını əldən verdi.
X X X
AZƏRTAC xəbər verir ki, avqustun 16-da axşam Afinada Azərbaycanın daha bir boksçusu ilk görüşünü keçirmişdir. Çəkisi 54-57 kiloqram olan idmançıların yarışında Şahin İmranov Cənubi Afrika Respublikasının nümayəndəsi Lidumo Qalada ilə qarşılaşmışdır.
Bu döyüş Azərbaycan idmançısının tam üstünlüyü ilə keçmişdir. Birinci və ikinci raundları 12:2 və 9:1 hesabı ilə başa vuran idmançımızın döyüşü vaxtından əvvəl bitirmək imkanı var idi. Şahin bu fürsəti əldən vermədi və üçüncü raund qurtarmamış xalların fərqini 20-yə çatdırdı. Hakim döyüşü saxladı və Azərbaycan boksçusu aşkar üstünlüklə qalib gəldi.
Beləliklə, artıq beş boksçumuz ilk döyüşlərini inamla keçirərək, 1/8 finala çıxmışdır.