OLİMPİYA “DAXILIMIZA” DAHA BİR MEDAL GƏTİRİLDİ
AzerTAg.az
Avqustun 19-da stend atıcısı Zemfira Meftahəddinova Azərbaycanın yığma olimpiya komandasına daha bir medal qazandırdı. Sidney Olimpiadasının çempionu Afina Oyunlarının altıncı günü stend atıcılığında çempion adı uğrunda mübarizə apardı. Təsnifat mərhələsində uğurlu start götürən idmançımız finalda qızıl medala əsas namizədlərdən biri idi. Amma 6 atıcının mübarizəni davam etdirdiyi final mərhələsində Zemfira Meftahəddinova iki dəfə hədəfi vura bilmədi və ümumi hesabda çinli Vey Ninq ilə eyni miqdarda xal toplayaraq, 2-3-cü yerləri bölüşdürdü.
Çin idmançısı gümüş medal uğrunda təkrar yarışda daha sərrast atəş açdı və ikinci yeri tutdu.
Zemfira Meftahəddinova 1963-cü il mayın 28-də doğulmuşdur. 2000-ci il Olimpiya oyunlarının çempionu, ikiqat dünya çempionu, Dünya kubokunun sahibi, yeddiqat Avropa çempionudur. Olimpiya lisenziyasını 2001-ci ildə Misirdə dünya çempionatında qazanmışdı.
69 kiloqram çəki dərəcəsində yarışan boksçumuz Ruslan Xairov avqustun 19-da dörddə bir finala çıxdı. O, səkkizdə bir finalda çinli Silami Xanati ilə döyüşdə rəqibini məğlubiyyətə uğratmışdır – 26:16.
Təəssüf ki, avqustun 19-da boksçularımızdan biri rinqi məyus tərk etmişdir. Əli İsmayılov (81 kq) səkkizdə bir finalda yunan idmançısına uduzaraq, Olimpiadanın medalları uğrunda mübarizəni dayandırdı.
Cüdo yarışlarında sonuncu nümayəndəmiz Mövlud Mirəliyev (100 kq) bürünc medal uğrunda mübarizədə Almaniya idmançısına uduzaraq beşinci yeri tutdu.
Xəbərin mətnində orfoqrafik səhv var