İDMAN
AĞASI MƏMMƏDOV AFİNA OLİMPİADASINDA ÖZÜNƏ AZI ÜÇÜNCÜ YERİ TƏMİN ETMİŞDİR
Azərbaycan boksçularının lideri, dünya çempionu Ağası Məmmədov Ukrayna idmançısı Maksim Tretyak ilə qarşılaşmışdır. Ağası əsl idmançı keyfiyyətləri nümayiş etdirərək, bütün dörd raund ərzində üstünlüyü əldə saxlamış və nəticədə 32:12 hesabı ilə inamlı qələbə qazanmışdır.
Beləliklə, idmançımız yarımfinala çıxmışdır. Bu isə o deməkdir ki, boksçu özü üçün ən azı bürünc medalı təmin etmişdir. Ağası Məmmədovu təbrik edir və qarşıdakı döyüşlərdə də uğurlar arzulayırıq.
X X X
Ağırlıqqaldıranlarımızın lideri Nizami Paşayev isə azarkeşlərin və məşqçilərin ümidlərini doğrultmamışdır. 94 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həmin gün keçirilən yarışda birdən ağırlıqqaldırmada ilkin sifariş etdiyi 180 kiloqramı hər üç cəhddə qaldıra bilməmiş və Olimpiadada mübarizəni dayandırmışdır.
Həmin cəki dərəcəsində yarışan digər idmançımız Əlibəy Səmədov zədə almasına baxmayaraq, iki hərəkətin cəminə görə 360 kiloqram nəticə göstərmişdir.