İDMAN


GÜLƏŞÇİ FƏRİD MANSUROV OLİMPİYA OYUNLARINDA AZƏRBAYCAN KOMANDASINA İLK QIZIL MEDAL QAZANDIRMIŞDIR

AZƏRTAC xəbər verir ki, avqustun 25-də Afinadan şad xəbər gəlmişdir. 66 kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanımız Fərid Mansurov yunan-Roma güləşi üzrə yarışlarda bütün rəqiblərini məğlubiyyətə uğradaraq, Afina Oyunlarında Azərbaycan üçün ilk qızıl medalı qazanmışdır.

Qrup turnirində güləşçimiz Kuba və Polşa idmançılarına, 1/4 finalda iranlı Pərviz Zeidvəndə, yarımfinalda isə isveçli Cimmi Samuelssona qalib gəlmişdir.

Finalda Fərid Türkiyə idmançısı Şərəf Əroğlu ilə qarşılaşmışdır. Layiqli rəqiblərin mübarizəsi çox gərgin keçmişdir. Güləşçimiz əvvəlcə gözəl fənd işlədərək, 4 xal üstünlük qazanmışdı. Lakin Türkiyə pəhləvanı ruhdan düşməmişdi və görüşün son dəqiqələrində aramsız hücuma keçirdi. Onun bu səyləri 3 xal qazanmasına imkan verdi. Amma Fərid qələbəyə daha çox layiq olduğunu sübut etdi və qızıl medalı əldən vermədi.

Beləliklə, pəhləvanımız 2004-cü il Afina Olimpiya oyunlarının çempionu kimi fəxri və şərəfli adı özünə təmin etdi. Bu təkcə Fəridin yox, Azərbaycan idmanının qələbəsidir. Həmin axşam uzaq Afinada idmançımızın qələbəsi şərəfinə ilk dəfə olaraq ölkəmizin dövlət himni səsləndi, bayrağımız ən yüksəkdə dalğalandı.

Fərid Mansurov 1982-ci il mayın 10-da doğulmuşdur. 2002-ci il dünya çempionatının gümüş mükafatçısı, gənclər arasında 2001-ci ilin dünya çempionudur. O, Olimpiadaya lisenziyanı 2003-cü ildə Fransada keçirilən dünya çempionatında qazanmışdır.

Təəssüf ki, həmin gün digər güləşçilərimiz bizi sevindirə bilmədilər. Vitali Rəhimov (60 kq) və Vüqar Aslanov (74 kq) çıxışlarını yarışların qrup mərhələsində başa çatdırdılar.

Bununla belə, Afinadan daha bir xoş xəbər də gəldi. 51 kiloqram çəki dərəcəsində yarışan boksçumuz Fuad Aslanov avqustun 25-də 1/4 finalda Polşa idmançısı ilə döyüşü qələbə ilə başa çatdırdı. İlk raundda idmançımız rəqibini nokdauna salsa da, 9:10 hesabı ilə uduzurdu. Sonrakı raundlarda gah bu, gah da digər idmançı üstünlük qazanır və axırıncı saniyəyədək qələbənin kimin tərəfində olacağını demək mümkün deyildi. Ancaq Fuad Aslanov sonuncu raundda qazandığı cəmi bircə xal üstünlüyü qoruyub saxlaya bildi və yarımfinala çıxdı. Beləliklə, daha bir boksçumuz özünə Olimpiadanın azı bürünc medalını təmin etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.