İQTİSADİYYAT
“31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR” ADLI TƏDBİR KEÇİRİLMİŞDİR
Kitabxananın Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birgə keçirdiyi tədbirdə, əvvəlcə, soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Kitabxananın direktoru Kərim Tahirov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vaqif Arzumanlı, yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və başqaları bu günün qeyd olunmasında ulu öndərimiz Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamış, dövlətimizin başçısı İlham Əliyevin 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar xalqımıza müraciətinin əhəmiyyətini diqqətə çarpdırmışlar.
Bildirilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və təcavüz siyasətinin 200 ilə yaxın tarixi vardır. Onların mərhələrlə və ardıcıl surətdə reallaşdırdıqları bu təcavüzkar siyasət nəticəsində xalqımızın tarixi qəsdən saxtalaşdırılmış, maddi–mədəniyyət abidələrimiz, toponimlərimiz erməni tarixçiləri tərəfindən təcavüzə məruz qalmış, azərbaycanlılar öz ata-baba yurdlarından deportasiya olunmuş və yaxud qəddarlıqla qovulmuşlar.
Natiqlər diqqətə çatdırmışlar ki, təkcə 1918-ci il martın 31-də ermənilər Bakıda 15 mindən artıq azərbaycanlını qətlə yetirmiş və bu soyqırımını sonrakı aylarda Qubada, Şamaxıda, Lənkəranda, Kürdəmirdə, Göyçayda və başqa bölgələrdə daha qəddarcasına davam etdirmişlər. Türklərdən ibarət Qafqaz İslam ordusu köməyə gəlməsəydi, nələrin baş verəcəyini demək çətindir.
Mərasimdə o da təəssüf hissi ilə qeyd edilmişdir ki, azərbaycanlıların soqırımları haqqında həqiqətlər dünya ictimaiyyətinə hələ də lazımınca çatdırılmamışdır. Bunun üçün hamılıqla səy göstərməyin vacibliyi vurğulanmışdır.
Tədbirdə Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları əməkdar artist Rafiq Hüseynov və Rafiq Əliyevin ifasında Hüseynbala Mirələmovun “Yaddaş ağrısı” əsərindən bir səhnə göstərilmişdir.