SİYASƏT
31 MART- AZƏRBAYCANLILARIN SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLİR
Bakı, 31 mart (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilmişdir ki, 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar martın 30-da Hollandiyanın Den Haaq şəhərinin mərkəzi kilsəsində tədbir keçirilmişdir.
Benilüks Azərbaycanlıları Konqresi, Niderland Kültür Cəmiyyəti və “Ana Vətən” Hollandiya Azərbaycanlı Qadınlar Birliyinin təmsil olunduğu “Xocalıya Ədalət” kampaniyasının Niderland üzrə Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbiri komitənin rəhbəri Gert van Dam açmışdır.
Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov çıxışında ermənilərin xalqımıza qarşı törətdiyi faciələrin ən dəhşətlilərindən olan 31 mart soyqırımı barədə məlumat vermişdir.
Çıxışlardan sonra soyqırımından bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Tədbirin sonunda Hollandiyanın məşhur antifaşist hərbi xorunun ifasında soyqırım qurbanlarının xatirəsinə mahnılar səsləndirilmişdir.
Martın 31-də isə Tallinndə “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi, Riqada “Ocaq” Mədəniyyət Mərkəzi, Kişinyovda Moldova Azərbaycanlıları Konqresi, Praqada isə “Azər-Çex” cəmiyyəti soyqırımı qurbanlarının xatirəsini yad edəcəklər. Buxarestdə Rumıniya Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, Budapeştdə “Macar-Azərbaycan Dostluq Cəmiyyəti” Azərbaycanın bu ölkələrdəki səfirlikləri ilə birlikdə 31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirlər keçirəcəklər.
Ümumrusiya Azərbaycan Konqresinin bütün reional təşkilatlarında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı müxtəlif tədbirlər keçiriləcəkdir. Ukrayna və Belarusdakı diaspor təşkilatlarımız da soyqırımın xatırlanmasına dair tədbirlər planı hazırlamışlar.