İQTİSADİYYAT
31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ANKARADA QEYD OLUNMUŞDUR
Türkiyə paytaxtının Keçiörən rayonundakı Esterqon qalasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Məşəl kompleksinin önündə Azərbaycan Prezidentinin İcra Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Haluk İpək, qardaş ölkə ictimaiyyətinin nümayəndələri və səfirliyin əməkdaşlarının iştirakı ilə anma mərasimi keçirilmişdir. Mərasim iştirakçıları soyqırımı qurbanlarının xatirə lövhəsi önünə əklil qoymuş, onların xatirəsini birdəqiqəlik sükutla anmışlar.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndikdən sonra mərasimdə çıxış edən Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok və millət vəkili Haluk İpək ötən əsrin əvvəllərində ermənilərin Azərbaycanda törətdikləri qətliamlardan, o zaman türk ordu hissələrinin qardaş köməyindən ətraflı bəhs etmişlər. Bildirilmişdir ki, Türkiyə ermənilərin təcavüzkar siyasətinə qarşı mübarizədə hər zaman Azərbaycana dəstək olacaqdır. Azərbaycanın işğal olunmuş torpaqları tezliklə boşaldılmalı və erməni caniləri törətdikləri qətliamlara görə cavab verməlidirlər.
Prezidentin İcra Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov XIX əsrin əvvəllərindən ermənilərin məqsədyönlü şəkildə Azərbaycan torpaqlarında yerləşdirilməsindən, xalqımızın məruz qaldığı soyqırımı hadisələrinin qan yaddaşımıza yazılmasının zəruriliyindən danışmışdır. O, mərasimdə iştirak edən Türkiyə parlamentinin deputatlarına və ictimaiyyətin nümayəndələrinə Azərbaycan dövləti adından təşəkkürünü bildirərək, bunu böyük Atatürkün söylədiyi “bizim sevincimiz də, kədərimiz də birdir” və xalqımızın ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamlarının, habelə dövlətlərimizin başçılarının xalqlarımızın birliyinə və inkişafına yönəlmiş uğurlu siyasətinin təzahürü kimi qiymətləndirmişdir.
Sonra Azərbaycanın Türkiyədəki səfirliyində toplantı keçirilmişdir.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndikdən sonra Prezident İlham Əliyevin 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə xalqa müraciəti oxunmuşdur.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən təqdim olunan Xocalı soyqırımı və ermənilərin digər vəhşiliklərindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.