SİYASƏT


31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ TÜRKİYƏDƏ DƏ QEYD OLUNMUŞDUR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 31 mart - Azərbaycanlıların syoqırımı günü Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirilən kütləvi tədbirlərlə qeyd olunmuşdur. Ankaradakı səfirliyimizdə keçirilən tədbirdə Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin, Türkiyə yazıçılar və sənətçilər vəqfinin (TÜRKSAV) üzvləri, burada yaşayan, işləyən professor və müəllimlərimiz, müvəqqəti ezamiyyətdə olan vətəndaşlarımız, tələbələrimiz və hərbi kursantlarımız iştirak etmişlər.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə müraciəti oxunmuşdur.

Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, TÜRKSAV-ın sədri Yahya Akəngin, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Ege Hasdal, Savaş Özdağ tədbirdə çıxış edərək, tarix boyunca erməni millətçilərin törətdikləri cinayətlərdən danışmış, ermənilərin terrorçu və cinayətkar fəaliyyətlərinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulamışlar.

Martın 31-də İstanbulun Aksaray rayonundakı Saraçhanə parkında Baş konsulluğumuz və Türkiyə-Azərbaycan mədəniyyət və həmrəylik cəmiyyəti tərəfindən mitinq keçirilmişdir. Mitinqdə İstanbulda yaşayan, işləyən, təhsil alan minlərcə həmvətənimiz, o cümlədən Türkiyə vətəndaşları və ictimai təşkilatların üzvləri iştirak etmişlər.

Mitinqə toplaşanlar “Ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri soyqırımları unudulmayacaqdır!”, “Heydər Əliyev: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir!”, “Erməni yalanlarına son qoyulmalıdır!”, “Ermənilərin törətdikləri soyqırımları insanlığa qarşı törədilmiş cinayətdir” sözləri yazılmış şüarlarla Azərbaycan xalqı ilə həmrəy olduqlarını nümayiş etdirmişlər.

Mitinqdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı xalqa müraciəti oxunmuşdur. Respublikamızın İstanbuldakı baş konsulu İbrahim Yaqubov mitinqdə çıxış etmişdir. Natiq tarix boyu regionumuzda cərəyan edən hadisələrə diqqət çəkmiş, erməni yaraqlılarının istər Türkiyə, istərsə də Azərbaycan ərazisində törətdikləri vəhşilikləri dilə gətirmişdir. Türkiyə ilə Ermənistan arasında sərhəd qapılarının açılması təşəbbüsünü irəli sürən bəzi qüvvələrin səhv və təhlükəli yolda olduqlarını vurğulamışdır.

Mitinqdə Türkiyə-Azərbaycan mədəniyyət və həmrəylik cəmiyyətinin üzvləri də çıxış etmişlər. Mitinq zamanı hər hansı bir asayiş pozuntusuna yol verilməmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.