CƏMİYYƏT
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri necə aparılmalıdır?
Bakı, 9 oktyabr, AZƏRTAC
Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 millimetr, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Həmin zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə azaldır. Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 kilometrədək məsafə qət edə bilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin zərərverici ilə mübarizə məqsədilə payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər bağacığın gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilməli, yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanmalıdır.
Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğuların arakəsmələrinə xüsusi diqqət yetirilir. Aşkar olunduqları təqdirdə, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilir. Yaz və yay aylarında əkin sahələrində maksimum sayda meyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt səthi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılır. Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir. İkinci dəfə kimyəvi dərmanlama zərərvericinin birinci nəsil sürfələrinin çıxdığı vaxt aparıla bilər.