SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Komissiyanın katibləri Natiq Məmmədov və Vidadi Mahmudov Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 2006-cı il mayın 13-də təyin edilmiş təkrar seçkilərlə əlaqədar bəzi dairələr üzrə namizədliklərin təsdiq edilməsinə dair məsələ haqqında məlumat vermişlər. 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə 4 nəfərin, 38 saylı Nizami (Gəncə) ikinci, 42 saylı Sumqayıt ikinci, 110 saylı Zaqatala və 119 saylı Ağdam kənd seçki dairələrinin hər biri üzrə isə 1 nəfərin namizədliyinin təsdiq edilməsi haqqında qərar qəbul olunmuşdur.
Sonra 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Lalə Şövkət Hacıyevanın müraciətinə baxılmış və onun deputat mandatından məhrum edilməsi barədə qərar çıxarılmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.