Şəkidə baş verən yol qəzasında ölən və yaralananların adları açıqlanıb - YENİLƏNİB



Şəki, 15 fevral, AZƏRTAC
Şəkidə baş verən ağır yol qəzasında ölən və yaralananların adları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, hadisə yerində həyatını itirən şəxs 68 yaşlı Köndələn kənd sakini Yusif Mustafayev olub.
Yaralanlar isə “KamAZ” sürücüsü 35 yaşlı Balakən rayon sakini Oruc Muradov və traktor sürücüsü, Baş Göynük kənd sakini 31 yaşlı Samir Abdullayevdir.
Hər iki yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
19.49
Şəki-Qax avtomobil yolunun Baş Göynük kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, bu gün saat 17:00 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “KamAZ” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.
Nəticədə piyada ölüb, “KamAZ” və traktorun sürücüsü xəsarət alıb.
Ölümlə və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.