Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində maksimum balı topladı – hədəf qızıl medaldır FOTO













Gədəbəy, 19 mart, Vüsalə Cənnətova, AZƏRTAC
Respublika fənn olimpiadaları ümumi təhsil müəssisələrinin 8-11-ci sinifləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedada malik şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, məktəblilərin həmin fənlərə olan maraqlarının artırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu ay açıqlanan nəticələrə əsasən Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 40 şagirdi ölkənin bütün şəhər və rayonlarını əhatə edən elm yarışının final mərhələsinə vəsiqə qazanıb. Onlardan 10 nəfəri Tovuz, 9 nəfəri Ağstafa, 8 şagird Şəmkir, 6 məktəbli Qazax, 7 nəfər isə Gədəbəy rayonu sakinidir.
Gədəbəy şəhər Milli Qəhrəman İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin 9-cu sinif şagirdi Sadıqzadə Leyla Asif qızı, ümumilikdə, 8 fənn üzrə təşkil edilən bilik yarışında coğrafiya fənni üzrə maksimum bal toplayaraq uğura imza atıb. Məktəbli AZƏRTAC-ın bölgə müxbirinə ona sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün imkan yaradılmasından məmnun olduğunu bildirib.
Ötən tədris ilində Respublika fənn olimpiadalarının yekununda coğrafiya fənni üzrə bürünc medala layiq görülən Leylanın hədəfi builki final mərhələsində qızıl medala sahib çıxmaqdır. “Əsasən təbiət elmləri, tarix, coğrafiya fənninə maraq duyuram. Ötən il fənn olimpiadalarında topladığım təcrübə mənə bu il birinci və ikinci mərhələdə uğur qazanmağımda kömək etdi. Sualların səviyyəsi birinci turda daha çətin idi, yarımfinal mərhələsində isə mənə daha asan gəldi. Final mərhələsində yenidən maksimum balı toplamağı hədəfləyirəm”, - deyən Leyla Sadıqzadə onu da bildirir ki, elm yarışında qazandığı nailiyyəti müəllimlərinin əməyinə və özünün dərslərini ən yaxşı şəkildə mənimsəməyə çalışmasına borcludur. Leylanın daha bir hədəfi ümumi orta təhsil səviyyəsini əla göstəricilərlə tamamlayıb, iqtisadiyyat sahəsi üzrə ali təhsil almaqdır. Bundan başqa, onunla eyni məktəbdə oxuyan bacı və qardaşına yaxşı örnək olmaq istəyir.
Gədəbəy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Eldəniz Hüseynov Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində Leyla Sadıqzadə ilə yanaşı, daha 4 şagirdin də uğur əldə etdiyini söyləyib. Bu şagirdlərin finalda da yaxşı nəticə qazanacağına inanır. “3-cü tədris ilidir ki, fənn olimpiadalarında uğurlu göstəricilərimiz var. Şagirdlərimiz qızıl, gümüş və bürünc medallar qazanırlar. Builki elm yarışında maksimum 120 balı toplayan Leyla Sadıqzadə ilə yanaşı, sinif yoldaşı Səfərli Bağdad Vüqar qızı da coğrafiya fənni üzrə 110 bal yığıb. 11-ci sinif şagirdləri Həmidov Röyal Rəşad oğlu, iki qardaş olan Şamil və Ramil Bağırzadələr kimya və riyaziyyat fənlərindən yüksək nəticə göstərərək, bilik yarışının final mərhələsinə vəsiqə əldə ediblər”, - deyə məktəb direktoru bildirib.
Fənn olimpiadalarının respublika mərhələsinin final turunun isə aprel–may aylarında keçirilməsi nəzərdə tutulur.
Eldəniz Hüseynovun sözlərinə görə, 1963-cü ildən fəaliyyət göstərən, hazırda 890 şagirdin təhsil aldığı, 55 müəllimin təlim-tədrislə məşğul olduğu tam orta məktəb 2021-ci ildə yeni bina ilə təmin edilib. Müasir tələblərə cavab verən şəraitin yaradılması da məktəblilərin təhsildə yaxşı nəticələr əldə etməsinə müsbət təsirini göstərir. Bu günlərdə məktəbin daha 21 şagirdi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblərarası fənn müsabiqələrinin rayon mərhələsinin nəticələrinə əsasən növbəti mərhələyə keçərək uğur qazanıb.