İQTİSADİYYAT
Yardımlı, Ağdaş, İmişli və Lənkəran rayonlarının daha 5 kəndinə təbii qaz verilmişdir
Bakı, 8 oktyabr (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyi (İB) respublikanın qaz təsərrüfatının yaxşılaşdırılması, əhalinin “mavi yanacaq”la fasiləsiz təminatı istiqamətində fəaliyyətini davam etdirir.
Payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq, bu sahədə görülən işlər daha intensiv xarakter almışdır.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 7-də Yardımlı, Ağdaş, İmişli və Lənkəran rayonlarının daha 5 kəndinə təbii qaz verilmişdir.
Bu münasibətlə keçirilmiş tədbirlərdə “Azəriqaz” İB-nin və rayon rəhbərliklərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak etmişlər.
Yardımlı rayonunun Qabaqdibi kəndinə ilk dəfə olaraq təbii qaz verilməsi münasibətilə keçirilmiş mərasimdə qeyd edilmişdir ki, birpilləli sistem əsasında ümumi uzunluğu 14 kilometr olan müxtəlif diametrli polad borulardan istifadə edilmiş, 178 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Lənkəran rayonunun Viravul kəndinə təbii qazın verilişi bərpa edilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilmişdir ki, 861 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 16,5 kilometr polietilen və 20,2 kilometr polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 861 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Həmin gün İmişli rayonunun Rəsullu kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir. Mərasimdə bildirilmişdir ki, 263 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18,3 kilometr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 263 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Ağdaş rayonunun Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz verilişinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə isə nəzərə çatdırılmışdır ki, ümumilikdə 448 abonenti olan kəndlərin qazlaşdırılması üçün ikipilləli sistem əsasında 28,5 kilometr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 448 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərin təbii qazla təchiz olunmasına görə minnətdarlıqlarını bildirmişlər.