CƏMİYYƏT
35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasındakı treninqlərdə 250 nəfərin iştirakı nəzərdə tutulub
Bakı, 12 avqust, AZƏRTAC
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 12-də 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər keçirilir.
Bu dairə seçki komissiyasında avqustun 15-dək davam edəcək təlimlər seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaq məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, gündə iki sessiya olaraq keçirilən 4 günlük treninqlərdə 42 məntəqədən 250 nəfərin iştirakı nəzərdə tutulub.
Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak edən trenerlər Arif Əhmədov və Sevda Novruzova aparırlar.
MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkili qaydası, seçki günü müşahidəçilərin hüquqları, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və sair məlumatlar verilir.
Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.
Qeyd edək ki, treninqlər 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 36 saylı Xətai – Suraxanı seçki dairələrinin dairə seçki komissiyalarında da təşkil olunub.
Seçkilərə hazırlıq proses barədə AZƏRTAC-a açıqlama verən dairə seçki komissiyasının sədri Gülnarə Salmanova bildirib ki, məntəqələrdə seçkilərin demokratik şəraitdə keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Məntəqələr seçki kabinələri, təşviqat məlumatları, seçici siyahısı lövhələri, seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, Milli Məclisə seçkilərlə bağlı təlimatlarla təmin olunub. Seçki məntəqələrinin 11-də veb-kamera quraşdırılıb.
“Hazırda dairənin əhatə etdiyi seçki məntəqələrinin sayı 42, qeydiyyatda olan seçicilərin sayı isə 51 mindən çoxdur. Seçkilərə beş gün qalmış təşkil ediləcək dörd məntəqəmizdə seçicilərin sayının təxminən 2700-dən artıq olacağı gözlənilir. Dairə üzrə 18 yaşı tamam olmuş 786 seçicimiz var. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 3 və Daxili Qoşunların paytaxtdakı “N” saylı hərbi hissəsində isə 1 məntəqə olmaqla müvəqqəti məntəqələr yaradılacaq”, - deyə Gülnarə Salmanova vurğulayıb.
35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasının üzvü Arif Əhmədov isə deyib ki, ümumiyyətlə, treninqlər avqustun 12-də, 13-də, 14-də və 15-də olmaqla dörd gün keçiriləcək. Tədbirlərdə 250 nəfər daimi məntəqə üzvünün iştirakı planlaşdırılır. Dairə seçki komissiyamızın üzvləri MSK tərəfindən təyin olunmuş təlimlərə cəlb edilərək proses barədə məlumatlandırılıblar. “Hazırda keçirilən təlimlərdə isə biz də məntəqələrin üzvlərinə seçki prosesi, əsasən məntəqənin açılışı və bağlanması, seçki günü protokolların yazılmaq qaydası, daşınan qutu və digər bütün məsələlər haqqında məlumat veririk. Bu treninqlərdə məntəqə seçki komissiyalarının üzvlərinin, sədrlərinin, katiblərinin seçki günü rol və vəzifələri izah ediləcək, bülletenlərin nümunələrindən, onların təsnifatından, seçki prosesinin Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun aparılması qaydasından və seçki günü müstəsna hallardan danışılacaq”, - deyə o əlavə edib.