RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞAMAXI RAYONUNA SƏFƏRİ
MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN TƏMƏLİNİN QOYULMASI
Prezident İlham Əliyev əvvəlcə Şamaxı Müalicə-Diaqnostika Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etdi.
Dövlətimizin başçısı mərkəzin baş planı ilə tanış oldu. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verdi ki, 3 mərtəbədən ibarət olacaq mərkəzdə poliklinika, cərrahiyyə şöbəsi, əməliyyat bloku yerləşəcəkdir. Ümumi ərazisi 1,5 hektardır, tikinti sahəsi isə 2200 kvadratmetrdir. Burada qazanxana, camaşırxana, su hovuzu, yanğınsöndürmə hovuzu, avtomobil dayanacağı da olacaqdır. Sifarişçi Dövlət Neft Şirkətidir. Tikinti işlərini “Sənayetikinti” Səhmdar Cəmiyyəti yerinə yetirəcək və 1 il ərzində obyekti tam təhvil verəcəkdir. Avadanlıqla birlikdə mərkəzin smeta dəyəri 5 milyon manatdır. Bu, ölkəmizdə tikilən 10-cu diaqnostika mərkəzi olacaqdır.
Prezident İlham Əliyev diaqnostika mərkəzinin təməlinə gilizi qoydu və beton qarışığı tökdü.
Sonra Şamaxı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
X X X
Sonra Prezident İlham Əliyev sakinlərlə görüşüb hal-əhval tutdu. Onlar dövlətimizin başçısına təşəkkürlərini bildirdilər. Ölkənin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən razılıqlarını ifadə etdilər, ulu öndərin tarixi xidmətlərini xatırladaraq, onun arzularının həyata keçirilməsi istiqamətində dövlətimizin başçısının rəhbərliyi ilə daha böyük uğurlar qazanılacağına əminliklərini söylədilər. Eyni zamanda, bildirdilər ki, bu yolda şamaxılılar hər zaman Prezidentə arxa olacaqlar.