ELM VƏ TƏHSİL
İSA ƏLİ OĞLU MƏMMƏDOV
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və pedaqoq, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın əməkdar müəllimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, psixologiya elmlər doktoru İsa Əli oğlu Məmmədov 2007-ci il avqustun 10-da ömrünün 82-ci ilində vəfat etmişdir.
İsa Məmmədov 1926-cı il iyulun 11-də Naxçıvan Muxtar Respublikası indiki Şərur rayonunun Aralıq kəndində anadan olmuşdur. 1942-ci ildə Şərur rayon mərkəzi orta məktəbini bitirdikdən sonra o, 1945-1947-ci illərdə Moskva ali komsomol məktəbində oxumuş, 1947-1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır. 1972-1977-ci illərdə isə İsa Məmmədov Moskva ali partiya məktəbinin müdavimi olmuşdur.
Əmək fəaliyyətinə 1943-1944-cü illərdə Şərur rayonunda orta məktəbdə başlayan İsa Məmmədov 1944-1945-ci illərdə Şərur rayon komsomol komitəsinin birinci katibi, 1947-1953-cü illərdə əvvəl Naxçıvan vilayət komsomol komitəsinin katibi, sonra isə birinci katibi, 1953-1961-ci illərdə Naxçıvan şəhər və rayon təhsil şöbələrinin müdiri, 1961-1965-ci illərdə Naxçıvan şəhər internat məktəbinin direktoru, 1965-1970-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, 1970-1981-ci illərdə Lənkəran şəhər partiya komitəsinin birinci katibi, 1981-1987-ci illərdə Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin katibi, 1988-ci ildən ömrünün sonunadək isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru vəzifələrində çalışmışdır.
Respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmiş İsa Məmmədov bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. İsa Məmmədov öhdəsinə düşən vəzifələri həmişə ləyaqətlə yerinə yetirmiş, ona göstərilən etimadı doğrultmuşdur. O, çalışdığı bütün sahələrdə yüksək təşkilatçılıq bacarığı nümayiş etdirmiş, özünə və başqalarına böyük tələbkarlıqla yanaşmışdır.
İsa Məmmədov 1997-ci ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. İsa Məmmədovun Azərbaycanda təhsilin inkişafındakı xidmətləri təqdirəlayiqdir. O, ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilində, praktik psixoloqların hazırlanması sahəsində səmərəli fəaliyyət göstərmişdir.
İsa Məmmədovun Azərbaycanda müəllimlərin ixtisasının artırılması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması sahəsində böyük əməyi olmuşdur. Onun rəhbərliyi altında Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yenidən hazırlanması, ümumilikdə təhsildə islahatların həyata keçirilməsi üzrə nüfuzlu bir mərkəzə çevrilmişdir.
İsa Məmmədovun xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1976-cı ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, bir sıra orden və medallarla təltif olunmuşdur.
Tanınmış ictimai xadim, bacarıqlı maarif işçisi, xeyirxah insan İsa Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,
Mahmud Kərimov, Misir Mərdanov,
Fatma Abdullazadə, Şəmsəddin Hacıyev,
Səttar Mehbalıyev, Yusif Məmmədov,
Əbdül Əlizadə, Nurəddin Kazımov,
Əjdər Ağayev.