MƏDƏNİYYƏT
“AZƏRBAYCANIN İŞIQLARI” UKRAYNADA PARLADI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də axşam “Kiyev” prezident-hotelin iclas salonunda “Azərbaycan işıqlarını yandırır” beynəlxalq konsert proqramı olmuşdur. Ukrayna paytaxtında Azərbaycan artistlərinin və gənc istedadlarının iştirak etdiyi bu parlaq və rəngarəng şounu Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi ilə respublika Gənclər və İdman Nazirliyi, ölkəmizin Kiyevdəki səfirliyi və GUAM-ın Gənclər Forumu təşkil etmişlər.
Gənclər və idman naziri Azad Rəhimov və ölkəmizin Kiyevdəki səfiri Tələt Əliyev qonaqları salamlayaraq belə bir xoş faktı vurğulamışlar ki, ölkəmiz Azərbaycan gəncləri ilini xaricdə məhz qardaş Ukraynada açır.
Konsert “Avroviziya” müsabiqəsinin qalibi Ruslana Lıjiçkonun işlədiyi “Jittya” (“Həyat”) ansamblının ifasında oynaq rəqslə açılmışdır.
Sonra konsertin aparıcıları bakılı Zara Bədəlbəyli və kiyevli Andrey Baskin Azərbaycanın populyar müğənnilərini və gənc istedadlarını səhnəyə dəvət etmişlər. Tamaşaçılar müğənnilərdən Sevda Ələkbərzadə, Samirə, Aynur İsgəndərli, Aytac Cəfərova, Elnur Hüseynov, Leyla Məmmədova, Erkin Osmanlı, Samir Cavadzadə və “Unformal” qrupunun çıxışlarını sürəkli alqışlarla qarşıladılar.
Səhnədə Ruslananın görünməsi və özünün populyar mahnılarını ifa etməsi əsl sürpriz olmuşdur. Qonaqları deyil, doğma, yaxın, zəngin və qədim mədəniyyətə malik Azərbaycandan gəlmiş dostları salamladığını bildirən, “Ukraynanın qapıları sizin üzünüzə açıqdır, azərbaycanlı dostlar!” deyən müğənninin səmimi sözləri tamaşaçıların gurultulu alqışlarına səbəb oldu.
Konsertdə Milli Məclisdə Azərbaycan-Ukrayna dostluq qrupunun rəhbəri Fərrux Zeynalov, ölkəmizin Kiyevdəki səfirliyinin əməkdaşları, Ukrayna hakimiyyət orqanlarının nümayəndələri, diasporumuzun üzvləri və başqaları iştirak edirdilər.